Jurnalistlər binasının sakinlərindən “Azəriqaz”a ETİRAZ: “Artıq bezmişik!”

Jurnalistlər binasının sakinlərindən “Azəriqaz”a ETİRAZ: “Artıq bezmişik!”
18:08 16 Fevral 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Qış aylarında təbii qazın verilməsi ilə bağlı bəzi problemlər ortaya çıxır. 3 il bundan əvvəl jurnalistlərin istifadəsinə verilmiş binada bu problem sakinlər ora köçdükləri vaxtdan bu günə kimi davam edir.

Səbail rayonu Yeni Salyan yolunda yerləşən binaya verilən təbii qazdan kəskin xüsusi qoxunun gəlməsi və aşağı təzyiqlə verilməsi sakinləri narahat etməkdədidr.

Qazın keyfiyyətinin aşağı olması sakinlərin istifadə etdiyi kombi cihazlarının demək olar ki, hər həftə sıradan çıxmasına səbəb olur. Jurnalistlər kombiləri təmir etdirməkdən və yeni kombi almaqdan bezdiklərini deyirlər. Bundan əlavə, binanın hər tərəfindən qaz qoxusu gəlməsi də hamını narahat edir. Jurnalistlər bununla bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem düzəlmir ki, düzəlmir.

Bir necə gündür binaya verilən təbii yanacağın təzyiqi lap azalıb. Bu gün isə jurnalistlərin binasında ümumiyyətlə mavi yanacaq verilməyib.

Modern.az məsələ ilə bağlı bina sakini olan jurnalistlərin münasibətini öyrənməyə çalışıb.

Modern.az Xəbər Agentliyinin baş direktoru Elşad Eyvazlı:

“Jurnalistlərin binası istifadəyə veriləndən mən orada yaşayıram. O həftə olmayıb ki, kombidə problem yaranmasın. Jurnalistlər kombi ustası çağırmaqdan, kombi dəyişməkdən artıq beziblər. Kombilərin tez-tez sıradan çıxması qazla əlaqəlidir. Verilən qaz o qədər keyfiyyətsizdir ki, binanın hər yerindən qaz qoxusu gəlir, bu da ciddi problemlərə səbəb ola bilər. Qışın ortasında baxırsan ki, kombi qəfildən söndü, qaz azaldı və ya artdı. Bilmirik ki, bu necə qazdır. Bunun üçün mütəxəssislər ciddi diqqət yetirməlidirlər, əks halda, böyük problemlərin yaranmasına səbəb ola bilər”.

“Azadinform” Agentliyinin rəhbəri Niyaz Niftiyev:

“Qazla bağlı problemlər əvvəllər daha çox olurdu. Hazırda qaz verilir, amma verilən qazın qoxusu və havası çoxdur. Bu da bizim kombilərimizi sıradan çıxmasına səbəb olur. Mən artıq 2 kombi dəyişmişəm. Kombi servisində də bunun qazın havasının çoxluğundan meydana gəlməsi səbəbindən olduğunu deyiblər. Bizim araşdırmalarımıza görə, qazın belə qoxulu və havalı gəlməsinə səbəb mavi yanacağın təmizlənməmiş olmasıdır”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu:

“Orada yaşayanların hamısı bilir ki, biz binaya köçən zamandan qazla bağlı problem yaşamağa başlamışıq. Bununla bağlı dəfələrlə “Azəriqaz”a şikayət etmişik, ancaq yenə də əvvəlki kimi davam edir. Verilən qazın keyfiyyətsiz olması həm kombilərimizi xarab edir, həm də mətbəxdə qazdan istifadə etdiyimiz zaman çox qoxusu gəlir. Bundan əlavə də qazın təzyiqi aşağı olur. Bununla bağlı da mütəxəssislər bizə məlumat veriblər ki, binaya verilən qaz təmizlənməmiş qazdır. Aidiyyatı qurumlar bu məsələyə diqqət ayırmalıdırlar. Şikayət edəndən sonra qaz bir müddət yaxşı gəlir, daha sonra isə yenə əvvəlki vəziyyətinə qayıdır”.

“İstiqlal.az”ın rəhbəri Qadir İbrahimli:

“Binaya verilən qaz emal olunmamış qazdır. Bunu mütəxəssislər də təstiqləyir ki, qazın tərkibi yaxşı deyil. Üstəlik də mütəmadi olaraq qaz kəsilir. Hazırda da binada qaz yoxdur. Qaz gələndə də təzyiqi çox aşağı olur. Bu da bizim kombilərimizin sıradan çıxmasına və müxtəlif problemlərə səbəb olur. Bu problem hər zaman olub, bununla bağlı bir neçə dəfə şikayət etmişik, amma heç bir nəticəsi olmayıb. Problem tək bizim bina ilə bağlı deyil, bu, qaz xəttindən qaynaqlanır. Ümumiyyətlə, bu konseptual bir yanaşma tələb edir ki, kəmərə vurulan qazı dəyişsinlər, normal qaz versinlər. Qazın tərkibi və təzyiqi ilə bağlı problem bizdə hər zaman olub”.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/188091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR