SOCAR: “İşçi qəbulu imtahanlarının şəffaflığını istənilən maraqlı tərəflərə isbat edə bilərik”

SOCAR: “İşçi qəbulu imtahanlarının şəffaflığını istənilən maraqlı tərəflərə isbat edə bilərik”
18:17 16 Fevral 2017
159 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bəzi saytlarda işə qəbulla bağlı keçirilmiş test imtahanının guya saxtalaşdırılması ilə bağlı yazılara münasibət bildirib.
Sorğumuzun cavabında SOCAR-dan bildirildi ki, müxtəlif saytlarda qeyd olunduğu kimi, həqiqətən də Astara rayon sakini Rəşad Həsənov 07.12.2016 tarixində Qaz İxrac İdarəsinin Astara MQK sahəsində hüquq məsləhətçisi vakansiyasına elektron qaydada müraciət edib və prosedura uyğun olaraq, ilkin seçimdən və test mərhələsindən keçərək növbəti müsahibə mərhələsinə buraxılıb.
SOCAR-ın İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli vurğulayıb ki, “Burada bir məsələni əminliklə nəzərinizə çatdırmaq istəyirəm ki, dəfələrlə Kütləvi İnformasiya Vasitələrində bildirdiyimiz kimi, SOCAR-da işə qəbul zamanı istər ilkin seçim, istər test, istərsə də müsahibə (peşə sınağı) mərhələləri heç bir səviyyədə müdaxilə edilməsi mümkün olmayan mexanizmlə tənzimlənərək, tam obyektiv, şəffaf şəraitdə və formada həyata keçirilir. Rəşad Həsənov da bu prosesdə iştirak edən on minlərlə iştirakçıdan biridir. Bunu istənilən maraqlı tərəflərə isbat etmək imkanımız daxilindədir. Hesab edirəm ki, layiqli vətəndaşımızın kənarda qalaraq haqqını tapdalamaqla başqa birisini hər hansı yolla müsabiqədən keçirmək prosesində iştirak etmək ittihamı bizə uyğun deyil və yaraşmaz”, - Asif Bəkirli bildirib.
İmtahanda iştirak etmiş Rəşad Həsənov “Report”a bildirib ki, təhsil aldığı hüquq sahəsində biliyini yoxlamaq məqsədi ilə Dövlət Neft Şirkətində test imtahanı verib və nəticədə növbəti müsabiqə mərhələsinə keçib. “Mən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmişəm, uzun illər Azərbaycan Silahlı Qüvvələrində hərbi hüquqşunas kimi işləmişəm. Artıq 1 ildir Silahlı Qüvvələrdən ehtiyata buraxılmışam. Fəal internet istifadəçisi olduğum üçün SOCAR-ın işə qəbulla bağlı müsabiqə keçirdiyini gördüm və özümü sınamaq qərarına gəldim”, - o bildirib.
R.Həsənov deyib ki, imtahan zamanı şəffaflıq yüksək səviyyədə təmin olunub. Bəzi saytlarda onun guya qohumluq əlaqələrinə görə imtahanı keçməsi ilə bağlı yayılan yalan məlumatlara qəti narazılığını bildirib: “SOCAR-ın vitse-prezidenti ilə heç bir qohumluq əlaqələrim, ümumiyyətlə tanışlığım belə yoxdur. Bəli, mən də Astaralıyam. Məgər SOCAR-ın Astaradakı MQK sahəsinə məhz Astara sakinlərinin müraciət etməsi təbii deyil? Mən müəllim ailəsində böyümüşəm, test imtahanının necə keçirilməli olduğunu bilirəm. Arzu edərdim ki, digər qurumlarda da SOCAR-da tətbiq olunan formada işə qəbul imtahanları təşkil olunsun. Test imtahanı zamanı heç qardaş da qardaşa kömək edə bilməz – kompüter, ağ kağız və qələm verirlər. Ətrafda da hər yer müşahidə kameraları ilə izlənilir.”
R.Həsənov hazırda səylə müsabiqənin növbəti mərhələsinə hazırlaşdığını söyləyib.
Qeyd edək ki, Rəşad Həsənov test imtahanından sonra öz şəxsi facebook səhifəsində imtahan prosesindəki şəffaflıq barədə fikirlərini dərc edib. Onun yazısı geniş yayıldığına görə daha sonra SOCAR-ın facebook səhifəsi tərəfindən də paylaşılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/socar-i-sci-qebulu-imtahanlarinin-seffafligi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR