Fəzail Ağamalı: “İlham Əliyev Azərbaycanı regionun “tərəfsiz İsveçrə” modelinə çevirib”

Fəzail Ağamalı: “İlham Əliyev Azərbaycanı regionun “tərəfsiz İsveçrə” modelinə çevirib”
18:33 16 Fevral 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun məhz Bakıda görüşməsi Azərbaycanın müstəqil, ədalətli və neytral dövlət olduğunu dünyaya nümayiş etdirir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı bildirib.

O deyib ki, sözügedən görüş Azərbaycanın dünyada müstəqil və neytral dövlət olduğunu bir daha sübut edir:

“Uzun illərdən bəri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan balanslaşdırılmış uğurlu dövlət siyasətinin daha yüksək səviyyəyə qaldırılması şübhəsiz ki, cənab Prezident İlham Əliyevin adı ilə bağlıdır. Mən Milli Məclisin iclaslarından birində söyləmişdim və indi də o fikirdəyəm ki, Prezident İlham Əliyev öz uğurlu siyasəti ilə Azərbaycanı Qərblə Şərqin, Şimalla Cənubun, MDB ilə Cənubi Qafqazın mərkəzində “tərəfsiz İsveçrə” modelinə çevirib. Artıq ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danford və Rusiya Müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimovun Bakı görüşü bunun bariz nümunəsidir. İndi dünyanın əsas gündəmində olan Suriya məsələsində həlledici rola malik Rusiya və ABŞ Bakıda tarixi görüş keçirməyə qərar verirlər”.

Deputat qeyd edib ki, Suriya ilə bağlı beynəlxalq və həlledici müzakirələrin müzakirəsi üçün Azərbaycanın seçilməsi böyük əhəmiyyət kəsb edir:

“Bu, həm də çox ciddi və tarixi əhəmiyyətə malikdir. Suriya ilə bağlı beynəlxalq müzakirələr üçün başqa ölkə də seçilə bilərdi, ABŞ və Rusiya üçün məqbul hesab edilən başqa dövlətlər də ola bilərdi. Ancaq Azərbaycan öz neytrallığı, ədalətli mövqeyi, beynəlxalq hüququn prinsiplərinə əməl etməsi ilə artıq oturuşmuş dövlət olduğunu dünyaya sübut edib. Çünki indiyədək Azərbaycan bir çox humanitar, iqtisadi, siyasi və mədəni beynəlxalq tədbirlərə ev sahibliyi edib. Təsadüfi deyil ki, bu gün Azərbaycan da dünyada təhlükəsiz, tolerant, mədəni, dinlərarası dialoq ölkəsi imicini qazanıb. Ona görə də ABŞ və Rusiya kimi beynəlxalq güclərin Suriya məsələsi ilə bağlı müzakirələrdə Azərbaycanı seçməsi ciddi əhəmiyyətə malikdir”.

F.Ağamalı vurğulayıb ki, bu görüş Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və balanslaşdırılmış siyasətin yeni mərhələsi və təsdiqidir:

“Təbii ki, bu cür addımlar da alqışlanmalıdır. Əmin olmaq istərdim ki, Suriya danışıqları ilə bağlı Bakı görüşü düşərli olsun, ABŞ və Rusiya ortaq mövqeyə gələ bilsin və gələcəkdə bu görüş uğurlu Bakı danışıqları kimi tarixə düşsün. Düşünürəm ki, bu görüş tarixə həm də Azərbaycan dövlətinin və xalqının böyük uğuru, beynəlxalq müqavilələrə isə uğurlu Bakı danışıqları kimi düşə bilər. Bundan da Azərbaycanın həm indiki, həm də gələcək nəsilləri böyük qürur duya bilər. Mən bu görüşləri çox yüksək qiymətləndirirəm və alqışlayıram. Bu, ulu öndər Heydər Əliyevin təməl prinsiplərinə söykənən Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin məntiqi nəticəsidir. Azərbaycanın nüfuzunu bu səviyyəyə qaldırdığı üçün hər kəs Prezidentimizə alqış edir”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188092.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR