Yevda Abramov: “ABŞ və Rusiya prezidentimizə etibar edir”

Yevda Abramov: “ABŞ və Rusiya prezidentimizə etibar edir”
18:53 16 Fevral 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

“ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov arasında görüşün Bakıda keçirilməsi Azərbaycanın dünyada təhlükəsiz və etibarlı dövlət olduğunu göstərir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Milli Məclisin yəhudi əsilli deputatı, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Yevda Abramov bildirib.

Y.Abramov deyib ki, Cozef Danford və Valeriy Gerasimovun görüş üçün Avropa ölkələrini deyil, Azərbaycanı seçməsi ölkəmizin dünyada tanıdılması üçün vacib əhəmiyyət kəsb edir:

“Dünyanın iki güclü dövlətinin yüksək rütbəli generalları Azərbaycana gələrək, burada görüşüb müzakirə aparırlar. Bu, elə-belə məsələ deyil. Artıq cənab Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənov da onları qəbul edib. Bütün bunlar onu göstərir ki, Azərbaycan dünyanın nüfuzlu dövlətlərindən biridir və beynəlxalq münasibətlərdə böyük paya sahibdir”.

Deputat qeyd edib ki, indi bütün dünya ictimaiyyəti Azərbaycan Prezidentini tanıyır və ona hörmət bəsləyir:

“Azərbaycan sabit və təhlükəsiz dövlət olduğuna görə burada beynəlxalq danışıqların aparılması üçün bütün şərait mövcuddur. Bütün bunları nəzərə alaraq, Cozef Danford və Valeriy Gerasimov məhz Azərbaycanda görüşüb danışıqlar aparır. Bu görüşün Bakıda keçirilməsi həm də Azərbaycanın dünya mediasının diqqət mərkəzinə gətirib. İndi bütün dünyanın diqqəti Azərbaycana yönəlib, insanlar Bakıda hansı məsələlərin müzakirə olunduğunu, nəticəsinin necə olacağı ilə maraqlanır. Təbii ki, dünyada gedən proseslər, Yaxın Şərq və Suriyada baş verən problemlər, ABŞ və Rusiyanın bir-birinə etibarlılığının artırılması, strateji nüvə silahlarının məhdudlaşdırılması və digər bu kimi məsələlər Bakıda keçirilən görüşdə müzakirə olunur. Nəzərə alsaq ki, Azərbaycan torpaqlarının da bir hissəsi işğala məruz qalıb və regionda Dağlıq Qarabağ münaqişəsi mövcuddur, o zaman bu görüşün əhəmiyyəti daha böyükdür”.

Y.Abramov söyləyib ki, Azərbaycan vətəndaşları ABŞ və Rusiyanın yüksək rütbəli generalları arasında həlledici danışıqların məhz Bakıda keçirilməsinə görə qürur hissi keçirməlidir:

“Bu o deməkdir ki, ABŞ və Rusiya kimi nəhəng dövlətlər Azərbaycan xalqına və onun Prezidentinə etibar edirlər. İndiyədək Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edib. Ancaq iki nəhəng dövlətin yüksək hərbi rütbəli şəxslərinin Bakıda görüşməsi bu sahədə daha böyük uğurdur. Cənab Prezident hər zaman ən kiçik məqamlardan belə istifadə edir ki, Azərbaycan dünya müstəvisində müsbət imici ilə tanınsın”.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188097.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR