PFL prezidenti Klublar Komitəsinin əvəzedicilərin çempionatına dair təklifinə münasibət bildirib

PFL prezidenti Klublar Komitəsinin əvəzedicilərin çempionatına dair təklifinə münasibət bildirib
10:12 17 Fevral 2017
75 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ "Əvəzedici komandalar arasında təşkil olunan ölkə çempionatının oyunlarının Premyer Liqa matçlarından bir gün sonra keçirilməsinin əleyhinə deyiləm". 
Bunu "Report"a açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasındakı çempionat oyunlarının vaxtının dəyişdirilməsinə münasibət bildirərkən deyib.
Təşkilatçı qurumun rəhbəri Klublar Komitəsinin 16 fevral iclasının gündəliyinə salınan bu məsələdə klubların istəyinin PFL üçün önəmli olduğunu diqqətə çatdırıb. R.Musayevin sözlərinə görə, əvəzedicilərin çempionatının təsis edilməsinin məqsədi klublara kömək etmək olub: "Müstəqillik dönəmindən sonra Azərbaycanda əvəzedici komandaların çemionatının yaranmasının təşəbbüskarı mən olmuşam. Zədəli oyunçunun bərpası, gənc futbolçuları praktika qazanması, məşqçilərin onları yoxlaması üçün bu turniri təsis etdik. Burada məqsəd klublara kömək idi. İndi klublara necə xoşdursa, elə olsun. Bizim üçün fərqi yoxdur: İstəyir bir gün əvvəl olsun, istəyir bir gün sonra. Klublar oyunun bir gün sonra keçirilməsini istəyirlərsə, təşkil edə bilərik". 
R.Musayev bildirib ki, artıq gec olduğundan, məsələyə növbəti mövsüm üçün baxıla bilər : "Bunu cari mövsümün əvvəlində demək lazım idi. Artıq yarışın başa çatmasına 2 ay qalıb. Dəyişiklik növbəti mövsüm üçün mümkündür. Amma nəzərə almaq lazımdır: Elə bir oyunçu ola bilər ki, baş məşqçi onu 5-10 dəqiqə yoxlasın, hazır olub-olmadığını müəyyənləşdirsin. Digər tərəfdən, heç bir əsas komandanın baş məşqçisi oyundan sonra qalıb əvəzedicilərin oyununu izləmir. Real danışaq, heç kim komandanı Bakıya yola salıb, əyalətdə əvəzedicilərin matçına baxmır. Lakin matç bir gün əvvəl baş tutanda vəziyyət fərqli olur. Bilirsiniz ki, əsas komandalar oyundan bir gün əvvəl səfərə çıxırlar. Belə olan halda, əvəzedicilərin də oyununu izləyirlər".
Musayev bildirib ki, əvəzediclərin çempionatının ümumiyyətlə ləğv edilməsi və həmin komandaların I Divizionda çıxış etməsi çətin prosesdir. PFL-in prezidenti bunu maliyyə amili ilə bağlayıb: "I Diviziona əvəzediciləri də qatsaq, komandaların sayı çox olacaq. Belə olan halda oyun sayı da artacaq. Bu qədər oyuna gedib-gəlməyə bütün klubların maddi imkanı çatacaqmı? Bax, bu cür məsələlər var".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çıxış edən klublar arasında ölkə çempionatı 2008/2009 mövsümündən etibarən keçirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pfl-prezidenti-klublar-komitesinin-evezedicilerin-cempionatina-dair-teklifine-munasibet-bildirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR