Çempion ömrün 52-ci ili

Çempion ömrün 52-ci ili
11:57 17 Fevral 2017
92 İdman
Ölkə mətbuatı
A- A+

Artıq neçə ildi ki, fevralın bu günü mənim üçün belə başlayır. Səhər oynanan kimi onu xoş sözlərlə təbrik edir, özümdə mənəvi rahatlıq tapıram. Daha artığına layiq olduğumu bilsəm də, mübaliğəli sözlərə yol verməmək üçün ciddi səylə çalışıram. Bilirəm ki, tərifdən və təriflənməkdən o qədər də xoşhal olmur. Amma neynəmək olar? "Günahkar" mən deyiləm axı...

Taleyin qismətidi. Düz 52 il bundan əvvəl, fevralın 17-də zəhmətkeş Hacıbaba kişinin evində dünyaya göz açan uşağın qismətində böyük zirvələr fəth etmək, adını Azərbaycanın futbol tarixinə "qızıl hərflər"lə yazdırmaq var imiş. Dostu İlham bəylə hər dəfə söhbətləşəndə o günlərdən təzə nəsə danışır. Deyir ki, axşama kimi asfalt üzərində yırtıq-yamaq topun dalıyca qaçırdıq. Axırda yorulub əldən düşərdik, qarnımız acardı. Evə tələsərdik, amma o getməzdi. Təkbaşına həyətdə qalar, divarla futbol oynayardı...

Oynayırdı ki, gələcəkdə böyük futbolçu olsun, Azərbaycanı və azərbaycanlıları dünyaya tanıtdırsın. Əminliklə söyləyirəm ki, BACARDI! "Neftçi"də başına gələnlərdən və gətirilənlərdən sonra sözün bütün mənalarında üzü soyuq olan Rusiyaya yollandı. Sonradan yolu ta İspaniya paytaxtına, Madrid "Real"ına qədər uzana bilərdi. Amma Bakıdakı kimi orda da ayağının altını qazanlar, ona badalaq verənlər olmasaydı. 

Mərdimazarlar hər yerdə var, həmişə var. Amma istedadlı və güclü insanların qarşısında onlar belə çarəsizdilər. Necə ki, Nazim Süleymanov qarşısındakı bütün əngəlləri aşmağı, 90-cı illərin əvvəllərində sadə bir azərbaycanlının fəth edə biləcəyi, çoxlarının indi də həsrətlə baxdığı zirvələri fəth etməyi bacardı.

Mən Nazim Süleymanovun vətəndən kənarda necə sevimləsinə canlı şahid olmuş adamam. İlk dəfə bunu 10 il bundan əvvəl Almatıda görmüşəm. Millimizin məşqçisi kimi Almatıya, Qazaxıstan - Ermənistan oyununu izləməyə gəlmiş Süleymanovu qaldığı oteldə hamı barmaqla göstərirdi, birlikdə etdiyimiz şam yeməyi zamanı telefonu susmur, daim futbol veteranlarının zənglərinə cavab verməli olurdu. Onun Almatıda olduğunu eşidənlər-bilənlər israrla görüşmək, onun qulluğunda durmaq arzularını ifadə edirdilər.

İkinci hadisə isə iki il bundan əvvəl yaşandı. Dağıstandan ta Şimali Osetiyaya qədər əyləşdiyimiz maşını saxlayan əlisilahlı əsgərlərə Alaniyaya, Nazim Süleymanovun yubileyi şərəfinə keçirilən oyuna yollandığımızı deyən kimi, onlar özlərini yığışdırır, bizi yüksək rütbəli generallar sayağı yola salırdılar. Şimali Osetiya paytaxtında gördüklərimiz isə bir başqa aləm idi. Həmkarlarım Əli Sahib, Natiq Muxtarlı və İlkin Xəlilovla birlikdə Nazim Süleymanovun sayəsində azərbaycanlı olmağımızla fəxr edirdik, sevinirdik ki, bizim belə bir həmyerlimiz var.

Bu gün Nazim Süleymanovun doğum günüdü. Mən ona öz təbriklərimi səhər çatdırmışam. İcazənizlə bu yazımda siz dəyərli oxucularımızın arzularını ifadə edim. Bütün Azərbaycanın fəxri olan Nazimə ən xoş arzularınızı, can sağlığı diləklərinizi, ondan futbol meydanlarında məşqçi kimi də böyük uğurlar gözlədiyinizi çatdırmaq missiyasını üzərimə götürürəm. 

Çox yaşa, çempion Nazim Süleymanov. Böyük adam, böyük futbolçu!

Mənbə: Sport7.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-cempion-omrun-52-ci-ili-t56324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR