Səhər saatlarında paytaxtın avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində müşahidə edilən sıxlıq aradan qaldırılıb.
Bu barədə Publika.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, müvafiq qurumların həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində artıq əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin, o cümlədən sərnişin avtobuslarnın fasiləsiz və təhlükəsiz hərəkəti təmin edilib.
“Səhər saatlarında müxtəlif marşrut xətləri üzrə sərnişin
avtobuslarının intervallarında gecikmələr müşahidə edilib ki, bu da
metereoloji amillər səbəbindən yollarda hərəkətin təhlükəli olması
ilə bağlı olub. Hazırda isə qeyd edildiyi kimi, yollardakı mövcud
çətinliklər aradan qaldırılıb. Məlumat üçün onu da bildirək ki, bu
gün Bakı şəhərində sərnişinlərə xidmət göstərilməsi üçün marşrut
xətləri üzrə 1888 avtobus reysə buraxılıb. Bakı Nəqliyyat
Agentliyinin əməkdaşları GPS sisteminin imkanlarından istifadə
etməklə reysə çıxan bütün avtobuslara nəzarəti daha da gücləndirib.
BNA daşıyıcılarla əlaqəli gücləndirilmiş iş rejimində çalışır. Bakı
şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün hüquqi
və fiziki şəxslərə nəqliyyat vasitələrini ciddi səbəb olmadan
reysdən çıxarmamaq və gecə saatlarınadək xidmət göstərilməsi ilə
bağlı tapşırıq verilib”.