Baş prokuror Göyçayda vətəndaşları qəbul edib

Baş prokuror Göyçayda vətəndaşları qəbul edib
15:22 17 Fevral 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Baş prokuror Zakir Qaralov Göyçay rayon prokurorluğunun inzibati binasında Göyçay, Kürdəmir, Şamaxı, İsmayıllı, Ağsu və Qobustan rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbuldan əvvəl baş prokuror və Göyçay Rayon İcra Hakimiyyətinin başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda 18 vətəndaşın müraciətinə baxılıb, qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb.
Qəbul zamanı həmçinin müraciətlərdə qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib. Prokurorluğun səlahiyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin isə araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.
Vətəndaşlar bölgə sakinlərinin yerindəcə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Yekunda baş prokuror tabe prokurorların iştirakı ilə keçirilən müşavirədə Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamından irəli gələn tövsiyə və tapşırıqların vaxtında və dürüst icrası ilə bağlı konkret göstərişlər verib.
Eyni zamanda dövlət başçısının məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, qanunsuz tələblərə və digər neqativ hallara son qoyulması, hər bir məmurun təvazökar olması ilə bağlı tələbləri diqqətə çatdırılmaqla vətəndaşlara daha həssaslıq və qayğı ilə yanaşılması tapşırılıb.
Müşavirədə həmçinin bölgədə ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/bas-prokuror-goycayda-vetendaslari-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR