İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilir

İstanbulda Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilir
16:32 17 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Bu gün İstanbulda (Türkiyə) İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə V Türkiyə-Azərbaycan-Gürcüstan biznes-forumu keçirilir. 
“Report”un Türkiyə bürosu xəbər verir ki, forumda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Gaxaria və digər rəsmi şəxslər, iş adamları iştirak edir.
F.Metin çıxışında üç dost ölkənin rəsmilərinin bu forum çərçivəsində bir yerə yığışmasının çox əhəmiyyətli olduğunu bildirib: “Azərbaycanın zəngin enerji qaynaqlarını və Gürcüstanın zəngin sərvətlərini bir yerə toplayaraq üç qardaş və dost ölkənin hərtərəfli inkişafına təkan verməyi qarşımıza əsas hədəf qoymuşuq”.
Ş.Mustafayev isə çıxışında Azərbaycanın dövlət başçısının keçirilən foruma çox əhəmiyət veridiyini vurğulayıb: “Biz hər zaman Türkiyənin yanındayıq. 15 iyul hasisələrində də ürəyimiz Türkiyə ilə döyündü və qardaş ölkənin bu hadisəni uğurla dəf etməsinə sevindik. 20 il bundan əvvəl çoxları inanmırdı ki, Xəzər dənizini Aralıq dənizi ilə birləşdirə biləcəyik. Bu gün biz birlikdə Bakı-Tbilisi-Qars dəmiryolu xətti çəkirik. Bu layihələr nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana dəmiryolu xətti çəkilir. Uğurlu layihələrimiz var və bu işləri mükəmməl şəkildə davam etdiririk. Ermənistanın bu kimi İqtisadi forumlarda iştirak etməməsi onu göstərir ki, o işğalçılıq siyasətinə son verənə qədər adı heç bir yerdə olmayacaq. Nə qədər ki, Azərbaycan torpaqları işğal altındadır, işğalçı ölkənin adı bu kimi forumlarda hallanmayacaq. Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir. Təsadüfü deyil ki, ikinci yerdə Gürcüstan gəlir. Azərbaycanın Gürcüstana qoyduğu investisiyanın məbləği 3 mlrd. ABŞ dollarıdır”.
Qeyd edək ki, tədbir zamanı Azərbaycanın nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlər keçirəcək, Türkiyə və Gürcüstan iş adamları arasında özlərinə tərəfdaşlar tapmaq və biznes əlaqələri qurmaq imkanı əldə edəcəklər.







Xəbərin orijinal ünvanı: https://report.az/biznes/i-stanbulda-turkiye-azerbaycan-gurcustan-biznes-forumu-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR