Ramil Usubov İranın ədliyyə nazirini qəbul edib

Ramil Usubov İranın ədliyyə nazirini qəbul edib
17:12 17 Fevral 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 fevral. REPORT.AZ/ Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının ədliyyə naziri Mustafa Purməhəmmədinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
R.Usubov iki xalq arasında çoxəsrlik tarixi, mədəni, dini yaxınlığın mövcudluğunu qeyd edib, müstəqillik illərində təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm dostluq və qonşuluq münasibətlərinin dövlət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqlar və imzalanmış sənədlər nəticəsində keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini, Prezident İlham Əliyev tərəfindən həmin siyasi kursun da uğurla davam etdirildiyini məmnunluqla xatırladıb.
İki ölkənin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin son illər daha da möhkəmləndiyini nəzərə çatdıran R.Usubov rəhbərlik etdiyi qurumun eyni zamanda qonşu Rusiya, Türkiyə, İran, Gürcüstanla yanaşı 40-dan artıq dövlətin anoloji strukturları ilə ikitərəfli və çoxtərəfli formatda səmərəli əməkdaşlıq etdiyini, qlobal xarakter almış transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizənin yeni istiqamətlərinin müəyyənləşdirilməsinin və birgə səylərin zəruriliyini qeyd edib.
R.Usubov birgə əməkdaşlığın potensial imkanlarını yüksək qiymətləndirərək qarşılıqlı faydalı əlaqələrin ölkələrin və xalqların mənafelərinə, beynəlxalq təhlükəsizliyin təmini işinə xidmət edəcəyinə əminliyini bildirib.
Mustafa Purməhəmmədi uzun müddətdən sonra yenidən Azərbaycana səfər etməsindən, burada gedən böyük quruculuq işlərindən, respublikanın dinamik inkişafından məmnunluğunu bildirib. O, regionda qeyri-stabilliyin, terrorun və ekstremizmin hökm sürməsi fonunda hər iki ölkədə sabitliyin, əmin-amanlığın təmin edilməsinin, məlumat və təcrübə mübadiləsinin bölgədəki təhlükəsizliyə müsbət təsir göstərəcəyini deyib, İranın hüquq-mühafizə orqanlarının azərbaycanlı həmkarları ilə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə qəbulda iştirak edib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/ramil-usubov-i-ranin-edliyye-nazirini-qebul-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR