Azərbaycan Prezidenti: "İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var"

Azərbaycan Prezidenti: "İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var"
22:05 17 Fevral 2017
139 Ölkə
Ölkə mətbuatı
A- A+

İndi müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı var. Müsəlman dünyasında bu birlik çatışmır. Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Əl-Cəzirə televiziyasına müsahibəsində bildirib.

"Biz islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahatıq. Terrordan ən çox müsəlmanlar ziyan çəkib. Bizim qədim sivilizasiyamız, dəyərlərimiz, dünyaya töhfələrimiz var. Biz bunu nümayiş etdirməliyik", - deyən dövlət başçısı əlavə edib: "Azərbaycan Avropa ölkələrində çox işlər həyata keçirir, biz sərgilər, təqdimatlar təşkil edirik, İslam mədəniyyətini təbliğ edirik və beləliklə, göstəririk ki, qədim sivilizasiyaya malikik və eyni zamanda, bununla Azərbaycanda müsəlman həmrəyliyini gücləndiririk. Ümumiyyətlə, Azərbaycanda bütün dinlərin nümayəndələrinin hamısının arasında yüksək səviyyədə birlik mövcuddur. Biz sülh şəraitində yaşayırıq və heç zaman ayrı-seçkilik etmirik. Budur, irəli getməyin yolu".

Prezident İlham Əliyev bildirib ki, müsəlman ölkələri bizə çox böyük hörmətlə yanaşır. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə Azərbaycanda çoxsaylı tədbirlər təşkil edib və Ermənistan-Azərbaycan münaqişəsində bizi tam dəstəkləyir. Beləliklə, bizim planlarımız bunlardır. Biz bununla bir daha müxtəlif hədəflərə nail olmaq, müsəlman aləmində birliyi möhkəmləndirmək işinə töhfəmizi vermək, Azərbaycanda həmrəyliyi daha da gücləndirmək və İslamı dünyaya sülh və mədəniyyət dini kimi təqdim etmək üçün daha çox çalışmaq istəyirik.

"Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik. Biz tarixi, dini abidələrimizlə fəxr edirik", - deyə dövlətimizin başçısı vurğulayıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518725.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR