Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulacaq. Həftənin son oyun günündə 2 matç keçiriləcək.
Publika.az xəbər verir ki, əvvəlcə Sumqayıtda şəhərin eyni adlı təmsilçisi ilə AZAL komandası üz-üzə gələcək. Bu, komandaların ölkə çempionatlarında 23-cü dueli olacaq. Maraqlıdır ki, bu komandaların son 9 oyununda qonaq komanda qələbə qazana bilməyib.
Turun son matçı cari mövsümdə çempionluğa əsas namizədlər – “Qəbələ” və “Qarabağ” komandaları arasında keçiriləcək. Ağdam klubu hazırda 42 xalla lider olsa da, Qəbələnin eyni adlı təmsilçisi bu gün qalib gələcəyi halda, rəqibi ilə xal hesabını bərabərləşdirəcək və zirvəni ələ keçirəcək. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv Qurban Qurbanovun baş məşqçisi olduğunu komandanı şəxsi görüşlərdəki üstünlüyə görə qabaqlayacaq.
Çünki cari çempionatda "Qəbələ" evdə Filip Ozobiç və Baqali Dabonun qolları ilə qalib gəlib (2:1). "Qarabağ" isə "Azərsun Arena"da 2:1 üstün olub. Filip Ozobiçin hesabı açdığı qarşılaşmada Riçard Almeyda və Dino Ndlovunun qolları Ağdam komandasına 3 xal qazandırıb.
Qəbələdəki oyun bu kollektivlərin ölkə çempionatlarında 35-ci dueli olacaq. Əvvəlki 34 görüşün ümumi nəticəsində Ağdam klubu üstündür. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda 16 görüşdə qalib gəlibsə, “Qəbələ” 8 matçdan 3 xalla ayrılıb. "Qarabağ" top fərqində də öndədir - 32-46.
Son 3 matçda meydan sahibi komanda 2 qol vurub, qalib gəlib. "Qəbələ” 5 ev oyunudur meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası. 19-cu tur
19 fevral
15:00 “Sumqayıt” – AZAL
Hakimlər: Rəhim Həsənov, Mehman Mahmudov, Cəmil Quliyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”
17:30 “Qəbələ” – “Qarabağ”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ömər Paşayev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Qəbələ şəhər stadionu.