Beynəlxalq qalereyalarda sərgilənən azərbaycanlı rəssam

Beynəlxalq qalereyalarda sərgilənən azərbaycanlı rəssam
18:12 19 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Xüsusi olaraq rəsm çəkmək bacarığım olmasa da, rəsm duyumum çox güclüdür. İstənilən rəsm əsəri ilə öz düşüncə aləmim arasında bir irtibat yarada bilirəm. Düşüncə dərinliklərinə endikcə rəssamların insanlardan tamam fərqli bir varlıq olduqlarını, onların Tanrı ilə bir təmaslarının olduğunun fərqində oluram. Bu yerdə böyük fransız filosofu Pol Valerin dediyi bir söz yadıma düşür: rəssam öz gördüyünü yox, başqalarının görəcəyini çəkir. Pol Valerin bu mücərrəd deyimini dərk etmək üçün çox düşünmədim. Dostum Rövşən Həşimovun mənə hədiyyə etdiyi üç nüsxə, üzərinə "Atatürk Universitesi, Güzel Sanatlar Fakültəsi" yazılmış rəssam Fikrət Həşimovun müxtəlif vaxtlarda çəkdiyi rəsm əsərlərinə baxdıqca Valerin dediklərinin doğru olduğunu görürəm. Qoy rəsm əsərlərinin haqqında rəssamlar danışsın. Mən isə oxucularımızı haqqında bəhs etdiyim, rəssam Fikrət Həşimovla tanış edim.

Rəssam Fikrət Məmməd oğlu Həşimov 19 fevral 1948-ci ildə Azərbaycanımızın gözəl guşəsi olan Şahbuz rayonunda müəllim ailəsində anadan olub. Uşaq yaşlarından rəsm çəkməyə, rəssamlığa böyük həvəsi olan Fikrət Həşimov 1968-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. Burada o rəssamlığın sirlərinə yiyələnir və aldığı sənət sevgisi və öyrəndiyi təməl biliklər onun sənət insanı kimi yetişməsində və rəsm sənətində əldə etdiyi uğurlu kareyeranın ilk addımları olur. Gənc Fikrətin sənətə olan məhəbbəti, rəssam duyğuları onu keçmiş SSRİ-nin sənət, kültür beşiyi olan Leninqrad mühitinə aparıb çıxardır. O, burada İ.Repin adına Rəssamlıq Akademiyasına qəbul olur, 1976-cı ildə buranın məzunu olur. Fikrət Həşimov öz əsərlərində milli adət-ənənəni, cəmiyyətdəki fərqlilikləri böyük ustalıqla öz çalarlarında vermiş sənətkarlardandır. Buna görə də o, 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib. Rəssamın əsərləri Rusiya, Polşa, Almaniya, Çexoslovakiya və İtaliyadakı sərgilərdə nümayiş etdirilib. Müxtəlif əsərləri milli muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Moskva Dövlət Tretyakov Qalereyasında Azərbaycan mövzusunda "Bül-bül kimi ötərdik" və "Araz çayının mahnısı" adlı iki əsəri saxlanmaqdadır. Bundan başqa Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərindəki qalereyada, Fransanın Menjinski adına Qalereyada, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Müasir Sənət Muzeyində, Atatürk Universitetı, İncəsənət Muzeyində də Fikrət Həşimovun əsərləri sərgilənir.

Rəssam Fikrət Həşimov haqqında dünyanın bir çox mətbuat orqanlarında məlumatlar çap olunub. Azərabaycanın elm, təhsil, sənət adamları haqqında yazılan "Kim kimdir" adlı ensiklopediyasında ətraflı məlumatlar verilmişdir.

Fikrət Həşimov 1999-cu ilə qədər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rəngarlıq kafedrasında, kafedra müdiri vəzifəsində calışmışdır. 1999-cu ildən bu günə kimi Türkiyənin böyük universitetlərindən biri olan Atatürk Universitetinin Rəssamlıq fakültəsində çalışır. Dosent kimi calışmağa başladığı universitetdə artıq professor elmi dərəcəsini alıb.

2010-cu ildə Ərzurum I Beynəlxalq Rəssamlıq Simpoziumunda sərgilənən əsərlərinə görə mükafata layiq görülmüşdür. Mükafatı Türkiyə Cümhuriyyəti Səhiyyə naziri təqdim etmişdir.

Onun dünyanın bir çox sərgi mərkəzlərində, rəsm qalereyalarında 30-dək sərgisi təşkil edilmişdir.

Həmin qalereyalarda minlərlə insan rəssamın ruhunun dərinliklərindən doğularaq yaranan əsərlərlə tanış olmuşlar.

Rəssamlıq fəaliyyəti dövründə 1984-cü ildə Çexoslavakiya Gəncər biriliyinin medalı, 1986-cı ildə Qafqaz Rəssamları Birliyinin birincilik mükafatını - qızıl medalı, 1988-ci ildə Azərbaycan Rəssamlar Birliyinin birincilik mükafatına və sair mükafatlara layiq görülmüşdür. Fikrət Həşimovun sənətinə dəyər verən ulu öndər Heydər Əliyev 30 may 2002-ci ildə rəssamı "Əməkdar rəssam" fəxri adı ilə təltif edərək onun öz sənətinə daha da bağlanmasına stimul yaratmışdır.

Əməkdar rəssam, dəyərli insan Fikrət Həşimovu doğum günü münasibətilə ürəkdən təbrik edərək, ona şəxsi həyatında və sənətində bol-bol uğurlar arzu edirik.

Yusif Alıyev, fəlsəfə doktoru

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519150.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR