Altay: türkün qan yaddaşında yaşayan diyar

Altay: türkün qan yaddaşında yaşayan diyar
19:17 19 Fevral 2017
120 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünyada Altay qədər türklərə əziz olan bir yurd yeri tapmaq mümkün deyil. Altay dünya türklərinin anası hesab edilir desək, bəlkə də, səhv etmərik. Bunun da səbəbləri aydındır. Belə ki, bu gün gündoğandan günbatana kimi səpələnmiş bütün türk xalqlarının məhz Altaylardan çıxdığı və Altayın türklərin ilk yurd yeri olduğu məlumdur. Təsadüfi deyil ki, qədim türklər Altayı altun, al-tan adlandırmışlar və tədricən bu söz Altay halına düşüb. Türk xalqlarından danışarkən onların milli kimlikləri və dilləri məhz Altay dilləri qrupu ilə müəyyən edilir. Altay dünya sivilizasiyasına möhtəşəm bir mədəniyyət bəxş edən qədim şumerləri, kuşanları, osmanlıları və digərlərini verib. Yeri gəlmişkən, şumerlərin eramızdan 3000 il əvvəl Mesopotamiyaya məhz Altaydan köç etdikləri barədə kifayət qədər tarixi sübutlar var. Şumerlərin Altaydan çıxdığını bu yaxınlarda Ursul çayı ətrafında yerləşən Karakol (Qaragöl) kəndində üzə çıxarılan qədim məzarlıq da təsdiq edir.

Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, bu məzarlıqda tapılan qədim mədəniyyət nümunələri eramızdan 3000-3500 il əvvəllərə aiddir və onlar şumer mədəniyyət nümunələri ilə sanki əkizdir. Bundan əlavə, son arxeoloji qazıntılar zamanı üzə çıxarılan analoji mədəniyyət nümunələri şumer mədəniyyət nümunələrindən daha qədimdir və bütün bunlar da şumer sivilizasiyasının köklərini Altaydan aldığını göstərir və şumerlərin özləri ilə Mesopotamiyaya böyük bir elmi, mədəni bilik xəzinəsi gətirdikləri şübhə doğurmur. Yeri gəlmişkən, onu da deyək ki, Şumer sivilizasiyası tənəzzül dövrünə qədəm qoyarkən, onların böyük hissəsinin yenidən doğma yurda qayıtdıqları, bir hissəsinin də Çinin cənubuna köç edərək, orada yeni bir sivilizasiyanın çiçəklənməsinə səbəb olduğu məlumdur. Sonrakı dövrlərdə də Altay türklər üçün ana yurd olaraq qalmaqda davam edib. Təsadüfi deyil ki, Altay dilində bütün türk ləhcələrini özündə ifadə edən sözlər tapmaq mümkündür. Türk dilinin bugünkü Altay ləhcəsi uyğur, xakas, qırğız, qaraçay-balkar ləhcələri ilə, demək olar ki, eynidir. Günümüzdə altaylılar Altay Respublikasında, Kemerovo vilayətində, Monqolustanda və Sintszyan-Uyğur Muxtar Respublikasında (Çin) yaşayırlar. 1991-ci ildə Altay iki yerə bölündü. Bu qədim türk yurdunun bir hissəsi Altay ölkəsi (ərazisi 267,85 min kvadratkilometr, əhalisi 2 milyon 508 min nəfər) adlandırıldı. Bu ərazi müstəqil subyekt kimi Rusiyanın tərkibinə daxil edildi. Həmin ərazidə hazırda bir nəfər də olsa Altay türkü yaşamır. Ərazinin digər hissəsində Altay Respublikası (ərazisi 92,902 min kvadratkilometr) təşkil edildi. Bu ərazidə isə əhalinin 45-50 faizini ruslar, 40-45 faizini Altay türkləri, təxminən 7-10 faizini qazaxlar təşkil edirlər. Ruslar əsasən ölkənin şimalında, Maymin, Turoçak, Şebalin, Ust-Koksin rayonlarında və Dağlıq Altay şəhərində yaşayırlar. Altay türkləri isə daha çox Ulaqan, Ust-Kan, Onquday rayonlarında məskunlaşıblar. Qazaxlar isə əsasən Koş-Ağac rayonunda yaşayırlar. Altayın yerli əhalisi şimal və cənub qruplarına bölünür. Şimal qrupuna Çoy, Turoçak rayonlarında yaşayan tubular (tubu-kiji), Lebed və Biy çayı ətrafında (Turoçak rayonu) yaşayan çelkanlılar və kumandinlilər, şorlar aid edilir. Cənub qrupuna isə Altay çijiləri (Onquday, Ust-Kan, Şebalin, Maymin rayonları), telengitlər (Ulaqan, Koş-Ağac rayonları, Çui və Arquta vadiləri), teleslər (Ulaqan rayonu), teleutlar (Şebalin və Mayminsk rayonları) daxildirlər. Paytaxtı Qorno Altaysk olan Altayda 300 min nəfərə yaxın əhali yaşayır. Ölkə faydalı yeraltı qazıntılarla zəngindir. Altay Respublikasında 7 mindən artıq göl var. Ölkədə hər il "El-oyun" milli bayramı təntənə ilə qeyd edilir. Bundan əlavə, 1988-ci ildə "Çaqa bayram" və Yılqayak bayramları da xüsusi mərasimlə keçirilir. Altaylıların "Biy və Katun" adlı qədim eposu var.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518580.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR