BANM-də Rasim Balayevlə göruş

BANM-də Rasim Balayevlə göruş
12:37 20 Fevral 2017
123 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycanın görkəmli teatr və kino aktyoru, Azərbaycanın xalq artisti, "Şöhrət" ordenli, Prezident təqaüdçüsü Rasim Balayevin Ali Məktəbin tələbə və müəllim heyəti ilə yaradıcılıq göruşü keçirildi. Öncə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

Milli.Az xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Rasim Balayevi Ali Məktəbdə salamlayaraq, ona təklifi dəyərləndirərək gəldiyi üçün öz təşəkkürünü bildirib. Elmar Qasımov Rasim Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, tanınmiş aktyorun həyat və yaradıcılığından danışıb. "Rasim Balayev əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb. Onun çəkildiyi filmlər Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazılıb. O, ekranda döyüşməyə hazir, cəsur insanların və həqiqi vətənpərvərlərin səmimi obrazini yaradıb", - deyə Elmar Qasımov bildirib. Azərbaycan dövlətinin hər zaman dəyərli sənətkarı yüksək tutduğunu deyən rektor E.Qasımov Rasim Balayevin ümummilli lider Heydər Əliyev tərəfindən əməkdar artist adına 28 yaşında, xalq artisti adına isə 34 yaşında layiq görüldüyünü də nəzərə çatdırıb. O, Rasim Balayevin dahi ulu öndər Heydər Əliyevin fərmanı ilə "Şöhrət" ordeninə, cənab prezident İlham Əliyev tərəfindən isə "Prezident təqaüdü"nə layiq görüldüyünü bildirib.

Rasim Balayev Ali Məktəbin rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. O deyib ki, BANM-də ölkənin ən yüksək bal toplayaraq bu ali təhsil müəssisəsinə qəbul olan tələbələri təhsil alırlar. O, belə bir auditoriya qarşısında çıxış etməkdən çox məmnun olduğunu dilə gətirib. Məşhur aktyor öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb. Rasim Balayev filmlərdəki çəkilişlər haqqında xatirələrini də yada salıb və bildirib ki, televizor böyük ekranı heç zaman əvəz edə bilməz. "Evdə ekran qabağında oturmuş insanla, ailəsini və ya dostlarını götürərək, məhz kinoteatra gedən insan arasında böyük fərq var - bunlar fərqli tamaşaçılardır və hissləri də fərqlidir", - o qeyd edib. İncəsənətin cəmiyyəti tərbiyələndirməli olduğunu deyən görkəmli aktyor vurğulayıb ki, incəsənətin məqsədi insanın estetik zövqünü təkmilləşdirmək, onu daha saf, daha təmiz etmək, onun mənəvi estetik imkanlarını artırmaqdır. Aktyor sənətindən söz açaraq Rasim Balayev sənətdə son sözünü hələ demədiyini də bildirib. "İnanıram ki, mənim əsas rolum qabaqdadır", - görkəmli sənətkar deyib.

Daha sonra tələbələrin xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin "Yenə o bağ olaydı" şeiri səslənib. Eyni zamanda, BANM-in "Kimya mühəndisliyi" ixtisasının II kurs tələbəsi Nazpəri İsfəndiyarzadə dahi şair Nəsiminin qəzəllərindən birini oxuyub. Onun bacarığını yüksək qiymətləndirən Rasim Balayev BANM-in tələbələrinə uğurlar arzulayıb və auditoriyanın çoxsaylı suallarını cavablandırıb.

Görüşün sonunda BANM-in rektoru Elmar Qasımov maraqlı görüşə və mənalı söhbətə görə tanınmış qonağa səmimi təşəkkürünü bildirdi və ona Ali Məktəbin "Fəxri qonaq" diplomunu təqdım etdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/519343.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR