Çempionluq "Neftçi"nin əlindədir?

Çempionluq "Neftçi"nin əlindədir?
15:57 20 Fevral 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan Premyer Liqasının XIX turu çempionluq mübarizəsində intriqanı daha da artırıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "Qəbələ"nin "Qarabağ"ı 2:0 hesabı ilə məğlub etməsindən sonra ikihakimiyyətlilik yaranıb.

Bu isə son 9 tur öncəsi qızıl medal iddiasında olan əyalət təmsilçilərinin mübarizəsinin gərginliyindən xəbər verir. Komandaların Qəbələ şəhər stadionundakı dueli mövsümün, hətta ilin oyunu kimi dəyərləndirilsə də, matç nəinki heç nəyə aydınlıq gətirmədi, əksinə, durumu daha da gərginləşdirdi.
 
İkisi real, üçü nəzəri

Öncə turnir cədvəlinə nəzər salaq. 9 tur ərəfəsində "Qəbələ" və "Qarabağ"ın hərəyə 42 xalı var. "Qırmızı-qaralar" şəxsi oyunlarda üstünlüyə malik olduğundan birinci yerdə qərarlaşıblar. Çempionluğun taleyinə məhz bu iki komanda real namizəddir. Amma turnir cədvəlindəki 3 komanda da nəzəri cəhətdən 1-ci yerə çata bilər. "İnter"in bu imkanları az-çox inandırıcı görünsə də, "Sumqayıt"la "Zirə"nin bu şansları yalnız fantastikadan ibarətdir. Digər üç komanda isə ən yaxşı halda bürüncə ümid edəcək. Çünki "Neftçi" və "Kəpəz" kağız üzərində belə, ilk iki pilləyə çata bilmir. AZAL isə hətta mükafatçılar sırasına düşməyəcəyini rəsmiləşdirib.
 
"Qızıl oyun" olmayacaq

Nəzəri şansa malik "üçlüy"ü hesaba almadan qızıl medallara məhz "Qəbələ" və "Qarabağ"ın iddia etdiyini əminliklə söyləmək olar. Hər iki komanda ilə 2 dəfə görüşəcək "İnter"in onlara başağrı olması inandırıcı görünsə də, bürüncdən artığına gücü çatacağı həddən artıq çətin sayılır. Bu isə o deməkdir ki, iki komandadan hansının çempion olacağına qarşıdakı 9 oyun aydınlıq gətirəcək. Nəzərə almaq lazımdır ki, uzun illər mövcud olan "Qızıl oyun" qaydası da artıq qüvvədə deyil. Bu amil hər iki komandanı sonadək üstünlük qazanmağa vadar edir. Əsasnamədə göstərilib ki, xallar bərabər olsa, yerlər aşağıdakı göstəricilərlə müəyyənləşəcək:
 
1. Şəxsi oyunlardakı xallar
2. Şəxsi oyunlardakı top fərqi
3. Qələbə sayı
4. Top fərqi
5. Vurulan qollar
6. Daha az qayda pozuntusu
7. Püşk
 
"Qəbələ" üstün durumda

Öz meydanında keçirdiyi hər iki oyunda 2:0 hesabı ilə qalib gələn "Qəbələ" şəxsi oyunlarda üstünlüyə malikdir. Evdə 2:1-ə sevinən "Qarabağ" aprelin 9-dakı görüşdə mütləq qalib gəlməlidir. Amma digər oyunların nəticələri xal hesabını bərabərləşdirsə, Ağdam təmsilçisinin evdəki istənilən hesablı deyil, minimum 3 top fərqli qələbə qazanması yetərlidir. Şəxsi oyunlardakı tarazlığı bərpa etmək üçün "Qarabağ" 3 qol fərqi ilə qalib gəlməlidir. Burada 4:1, 5:2 və ya 3:0-ın fərqi yoxdur. Çünki bəzi xarici turnirlərdən fərqli olaraq bizim çempionatda şəxsi oyunlara baxılanda ev-səfər qolları rol oynamır.
 
"Qarabağ"ın meydan amili

XXV turun aprelin 9-da keçiriləcək "Qarabağ" - "Qəbələ" oyununun çempionluq baxımından böyük rola malik olması sirr deyil. Amma həmin görüşədək keçiriləcək 5 tur çox şeyi dəyişə bilər. "Qızıl ovçuları"nın həmin matçlarına baxsaq, "Qarabağ"ın üstünlüyü meydan amilindədir. "Azərsun Arena"dakı matçadək ağdamlılar 3 ev, 2 səfər görüşü keçirəcəklər. Ümumiyyətlə, son 9 qarşılaşmadan 5-ni öz meydanında oynayacaqlar. "Qəbələ" isə dünənki qələbədən sonra turneyə çıxıb səfərdə ardıcıl 4 qarşılaşmada qüvvəsini sınayacaq. Ümumiyyətlə isə Roman Qriqorçukun yetirmələri cəmi 2 dəfə Qəbələ stadionuna çıxacaqlar.
 
"Qəbələ"
"Kəpəz" (s)
"İnter" (s)
"Neftçi" (s)
AZAL (s)
"Zirə" (e)
"Qarabağ" (s)
"Kəpəz" (s)
"İnter" (e)
"Sumqayıt" (s)
 
"Qarabağ"
"İnter" (e)
"Sumqayıt" (s)
AZAL (e)
"Zirə" (s)
"Kəpəz" (e)
"Qəbələ" (e)
"İnter" (s)
"Sumqayıt" (e)
"Neftçi" (s)
 
Səfərdə elan olunacaq çempionluq

"Qəbələ" və "Qarabağ"ın rəqiblərinə baxsaq, hər iki komandanı çətin sınaqlar gözləyir. Onların hər birini "İnter"lə biri səfərdə olmaqla iki duel gözləyir. Bundan başqa, liderlər yenilənmiş və güclü "Neftçi"nin qonağı olacaqlar. "Qarabağ" 8-ci km qəsəbə stadionuna son turda qonaq kimi qədəm basacaq. "Ağ-qaralar"ın çempionluğun taleyində həlledici rol oynaması istisna deyil. Aprelin 29-dakı həmin turda "Qəbələ" də səfərdə - Sumqayıtda eyniadlı komanda ilə görüşəcək. Bir sözlə, çempiona veriləcək kubok iki stadion arasında var-gəl edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/519384.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR