Belarus paytaxtının növbəti qonağı Afaq Abbasova olacaq

Belarus paytaxtının növbəti qonağı Afaq Abbasova olacaq
16:32 20 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti, professor Azər Zeynalov fevralın 18-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının truppası ilə birlikdə italyan bəstəkarı R.Leonkovallonun "Payatsı" operasının tamaşasında əsas partiyalardan birini - Kanionun partiyasını ifa etmişdir.

Opera və Balet Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Belarus paytaxtının növbəti qonağı isə teatrın gənc solisti, Azərbaycanın əməkdar artisti, prezident mükafatçısı Afaq Abbasova olacaqdır. Ötən ilin noyabrında Minskdə qastrolda olarkən opera ulduzu öz parlaq ifası ilə belarusları heyran etmiş və o dərhal növbəti çıxış üçün təklif almışdı - fevralın 25-də Afaq burada C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdir. Radames rolunda Belarusun xalq artisti Sergey Frankovski, Amonasro rolunda əməkdar artist Vladimir Qromov çıxış edəcəklər. Tamaşanı Ukraynanın xalq artisti, Odessa Dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl (ABŞ) idarə edəcəkdir.

Belarus Opera və Balet Teatrında bu tamaşaya xüsusi hazırlıq görülmüş, tamaşa geniş reklam olunmuşdur. Belaruslu teatr işçiləri tamaşaya biletlərin artıq çoxdan satılıb qurtardığını və azərbaycanlı opera sənətçisini səbirsizliklə gözlədiklərini bildirirlər. Qeyd edək ki, Aida Afaq Abbasovanın ən çox sevdiyi partiyalardan biridir. O hətta ötən il dünyaya gələn qız övladına C.Verdinin qəhrəmanının şərəfinə Aida adını vermişdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/519418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR