Qətərin təhsil nazirinə BDU-nun diplomu təqdim edildi

Qətərin təhsil nazirinə BDU-nun diplomu təqdim edildi
17:28 20 Fevral 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı Dövlət Universitetində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

BDU-nun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, rektor Abel Məhərrəmov İslam dünyasının inkişaf etmiş ölkələrindən olan Qətər Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrdən danışıb. Ölkəmizin uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, islam dininin yayılmasında, müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığını deyən rektor bu gündünyada gedən proseslərə, bir çox kataklizmlərə, müxtəlif ölkələrdə baş verən fəlakətlərə baxmayaraq, Azərbaycanın bütün bunlardan həm iqtisadi, həm mədəni-mənəvi müstəvidə ləyaqətlə keçdiyini və öz varlığını, möhtəşəm tarixini bir daha ortaya qoya bildiyini diqqətə çatdırıb. Ötən illər ərzində prezident İlham Əliyevin və Qətər Dövləti Əmirinin dəfələrlə rəsmi görüşlərinin olduğunu deyən rektor, ölkələrarası çoxsaylı sənədlərin imzalanmasına da diqqət çəkib. Bildirib ki, ötən il Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfəri çərçivəsində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd edilib.

Rektor, eyni zamanda qonaqlara Bakı Dövlət Universiteti, onun beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əlaqələri barədə məlumat verib. Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin də islam dünyasının tanınmış elm-təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona Bakı Dövlət Universitetinin fəxri qonağı diplomunu təqdim edib.

Sonra qonaq Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi Bakı Dövlət Universitetində olmaqdan, universitetin Fəxri qonağı adına layiq görülməkdən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm-təhsil sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/188601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR