Bakı Mühəndislik Universiteti Qafqaz Universitetindən nə ilə fərqlənir? - REPORTAJ

Bakı Mühəndislik Universiteti Qafqaz Universitetindən nə ilə fərqlənir? - REPORTAJ
18:09 20 Fevral 2017
448 Digər
Ölkə mətbuatı
A- A+

Ötən ilin sonlarında ləğv olunan Qafqaz Universitetinin yerində artıq Bakı Mühəndislik Universiteti fəaliyyət göstərir. Bakı Mühəndislik Universiteti isə Qafqaz Universitetinin müəllim və tələbə heyətinin bazasında fəaliyyət göstərəcək. Həmin müəllim və tələbələr artıq bir neçə gündür ki, yeni dərs ilinə başlayıblar. Bəs Bakı Mühəndislik Universiteti Qafqaz Universitetindən nə ilə fərqlənəcək?

 

Qafqaz Universitetindən fərqli olaraq, Bakı Mühəndislik Universiteti dövlət statuslu universitet kimi fəaliyyət göstərəcək. Qafqaz Universitetində tələbələr 3 fakültə - mühəndislik, iqtisadiyyat, idarəetmə və pedaqoji ixtisaslar üzrə təhsil alırdılar. Yeni universitetin tələbələri də bu ixtisaslar üzrə təhsillərini davam etdirəcəklər.

 

Bakı Mühəndislik Universitetinin rektor əvəzi Sülhəddin Gözəlovun sözlərinə görə, Qafqaz Universitetinin bütün tələbələri və müəllimləri BMU-da yerləşdirilib. Universitetdə növbəti ildən bir sıra dəyişikliklər də ediləcək: "Pedaqoji ixtisas üzrə təhsil alan tələbələr öz ixtisaslarını burada tədris müddəti başa çatana qədər davam etdirəcəklər. Lakin növbəti tədris ilindən etibarən pedaqoji ixtisas üzrə tələbə qəbulu nəzərdə tutulmur. Əvvəlki universitetdə olmayan bir sıra mühəndislik ixtisasları üzrə tələbə qəbulu nəzərdə tutulub. Bu ixtisaslara ölkə iqtisadiyyatı üçün, ölkənin əmək bazarı üçün çox böyük tələbat var. Digər texniki ali təhsil müəssisələrində həmin ixtisaslar üzrə kadr hazırlanmır".

 

Bundan başqa, BMU-da gələcəkdə Azərbaycan dili ilə yanaşı, ingilis dilli fakültələr açılacaq. BMU dövlət universiteti olduğundan, gələn ildən burada dövlət hesabına təhsil almaq da mümkün olacaq: "Tələbələrin təhsil haqqı cari ildə əvvəlki qəbul olunmuş qaydada stabil olaraq saxlanacaq. Növbəti tədris ilindən isə Bakı Mühəndislik Universitetinə tələbə qəbuluna proqnozlaşdırılan qəbul zamanı müəyyən olunmuş təhsil haqqına adekvat təhsil haqqı müəyyən olunacaq. Mühəndislik Universitetində digər dövlət universitetlərində olduğu kimi, tələbələr həm dövlət sifarişi ilə, həm də ödənişli əsaslarla təhsil alacaq. Digər dövlət statuslarında olduğu kimi, burada da şəhid ailələri, məcburi köçkünlər üçün olan imtiyazlar nəzərə alınacaq".

 

BMU-nun tələbə və müəllim heyətinin isə yeni universitetdən gözləntiləri çoxdur.

 

Xatırladaq ki, noyabrın 8-də prezidentin sərəncamı ilə Bakı Mühəndislik Universiteti yaradılıb. Qafqaz Universiteti ləğv edildikdən sonra isə universitetin təsisçisi Qafqaz Universitetinə mənsub olan bütün əmlakı dövlətə təhvil verib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268106

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR