Azərbaycanda torpaqların elektron uçotu işi 2019-cu ilin sonunadək yekunlaşacaq

Azərbaycanda torpaqların elektron uçotu işi 2019-cu ilin sonunadək yekunlaşacaq
11:42 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycanda torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasında kosmik müşahidə peyk xidmətlərindən istifadə” edilməsinə həsr olunmuş ictimai təqdimat keçirilib.
"Report"un xəbərinə görə, təqdimatda çıxış edən Komitə yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəisi Ramiz Quliyev bildirib ki, Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkənin kosmik imkanlarından, süni peyklərinin məlumatlarından da istifadə olunacaq: "Bu tədbirlər ölkə başçısının torpaqların elektron uçotunun aparılması və rəqəmsal kadastr xəritələrinin hazırlanması ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilir. Bu işlər çərçivəsində artıq Bakı, Sumqayıt, Gəncə şəhərlərinin, 12 rayonun torpaqlarının uçotu işi, 3,5 hektar ərazidə artıq işlər yekunlaşıb. Bu torpaqlar üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl baza yaradılıb. Eyni zamanda, layihə çərçivəsində pay torpaqları ilə bağlı uyğunsuzluqlar aradan qaldırılır. Uçot işinin ölkə üzrə 2019-cu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Komitə ölkədə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi ilə bağlı işlər aparır".
R.Quliyev torpaqların uçot sisteminin və elektron kadastrın tərtibinin əmlak sahibləri və dövlət orqanları üçün vacib olduğunu qeyd edib: "Bu sahədə dəqiq məlumatların tərtibi mühüm əhəmiyyət daşıyır. Zaman keçdikcə torpaqların və onlar üzərindəki daşınmaz əmlakların göstəricilərində baş verən dəyişikliklərin vaxtında aşkara çıxarılması, qiymətləndirilməsi məqsədi ilə ölkənin torpaq fondunun vəziyyəti müntəzəm müşahidə olunmalıdır. "Azərkosmos"la bağlanan saziş çərçivəsində əməkdaşlıq tələb olunan yüksək dəqiqliyi və işlərin keyfiyyətli yerinə yetirilməsini təmin edəcək". 
"Torpaqların elektron uçotu və kadastrının tərtibi ilə bağlı iki qurum arasında əməkdaşlıq hələ ötən ildən başlanıb. 2016-cı ildə Sumqayıt şəhərinin kadastr məlumatlarının yenilənməsi işlərində “Azərkosmos” ƏMDK-ə stereo təsvirlər təqdim edib. Bu təsvirlərə istinadən qısa müddətdə yeni tikililər və digər dəyişikliklər təsbit olunaraq vektorlaşdırılıb. Çöl işləri yerinə yetirirlib və əldə olunan məlumatlar Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yenilənməsi üçün istifadə olunub. Hazırda digər ərazilərin torpaq sahələrinin və yaşayış məntəqələrinin Elektron Kadastr Məlumatları bazasının yığılması və yenilənməsi üçün ortofotoplanların hazırlanması, torpaqları təyinatı üzrə istifadəsinə nəzarətin həyata keçirilməsi, torpaqların eroziyasınin və səhralaşmanın analizi (spektral analizlər) məqsədi ilə kosmik təsvirlərdən istifadə edilməsinə dair Əmlak Məsələləri Dövlət Komitəsi və Azərkosmos arasında təkliflər planı hazırlanır".
"Azərkosmos" ASC-nin sədri Rəşad Nəbiyev çıxışında vurğulayıb ki, peykdən gələn gəlirlərin 93%-dən çoxu xarici bazarlarda fəaliyyət nəticəsində əldə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azerbaycanda-torpaqlarin-elektron-ucotu-isi-2019-cu-ilin-sonunadek-yekunlasacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR