Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsi olan Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisinə start verilib.
“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, hazırda sözügedən yolda qazma-dolma işləri, yol yatağının və yol əsasının inşası işləri həyata keçirilir.
Ümumi uzunluğu 9 km olan avtomobil yolunun layihə üzrə eni 12 metr təşkil edəcək. Sözügedən yolun 4 km-i əsaslı şəkildə yenidən qurulur, 5 km-də isə bərpa işləri aparılır.5 km-lik hissədə aparılan bərpa işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınacaq, zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılacaq, əvəzində torpaq-çınqıl qarışığından ibarət material tökülərək kipləşdirmə işləri aparılacaq.
Qalan 4 km-lik hissədə aparılan yenidənqurma işləri zamanı isə yeni yol yatağı və yol əsasının inşası işləri aparılacaq. Daha sonra yol boyu 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək. Ümumilikdə yolun təqribən 68 min m2 sahəsinin asfaltlanması nəzərdə tutulub. Bundan başqa yol boyu 9 ədəd su keçidinin tikintisi, həmçinin 1 ədəd 2 aşırımlı mövcud avtomobil körpüsünün bərpası işləri aparılıcaq.
Layihə çərçivəsində yol 1 gediş və 1 gəliş olmaqla 2 hərəkət
zolağından ibarət olacaq. Hərəkət hissəsinin eni 7.5 metr, hər bir
istiqamət üzrə isə çiyinlərin eni 1.5 metr təşkil edəcək. Yolun
tikinti işləri tam olaraq bitdikdən sonra zəruri olan yerlərdə yol
nişanları və məlumatverici lövhələr quraşdırılacaq, həmçinin piyada
zolaqlarının, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri
aparılacaq. Qeyd edək ki, yeni salınan avtomobil yolu Cocuq
Mərcanlı kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsinin - Qazaxlar,
Horadiz, Arayatlı, Əhmədbəyli, Qəhrəmanlı və İmamverdili kəndinin
sakinlərinin gediş-gəlişi xeyli rahatlaşdıracaq.