Bu il Azərbaycanda baş verən ana ölümlərinin səbəbləri açıqlanıb

Bu il Azərbaycanda baş verən ana ölümlərinin səbəbləri açıqlanıb
14:37 21 Fevral 2017
60 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ “Bu il yanvar ayının 1-dən bu günə qədər ölkədə 4 ana ölümü faktı qeydə alınıb. Ana ölümləri Tovuz, Goranboy, Ağcabədi rayonları və Bakının Qala qəsəbəsində olub”.
“Report” xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzinin baş həkimi, baş mama-ginekoloq Sevinc Məmmədova bildirib.
Onun sözlərinə görə, Tovuzda qeydə alınan ana ölümünə səbəb həkimə gec müraciət olunmasıdır: “Ana həkimə gec müraciət etdiyindən qeydiyyata da gec düşüb. Bu səbəbdən yetərincə müayinələrdən keçməyib. Hamilə qadın xəstəxanaya daxil olanda mərkəzi cift gəlişi olduğundan cift düzgün yerləşməyib. Həkimə müraciət edəndə onu daha yüksək üçüncü səviyyəli doğuşayardım müəssisəsinə göndəriblər. Bu zaman xəstənin vəziyyəti elə ağır və fəsadlaşmış formada olub ki, onu xəstəxanaya çatdırana qədər qanaxma baş verib. Əməliyyat zamanı lazımi səviyyədə qanın vurulmasına baxmayaraq, fəsadlaşmadan sonra qadının bədəni yenidən bərpa oluna bilməyib və nəticədə ölüm halı olub”. 
Goranboydakı ana ölümünün başvermə səbəblərinə aydınlıq gətirən nazirlik rəsmisi qeyd edib ki, qadında inkişafdan qalmış hamiləlik qeydə alınıb: “Ola bilsin ki, qadının əvvəllər disfunksiyası olub. İki-üç həftə vaxtından keçdikdən sonra hamiləliyini yoxlayıb. Test yoxlanışı zamanı adətən inkişafdan qalmış hamiləlik müsbət kimi göstərici verə bilir. Misal olaraq, qadının daxilində uşaq inkişaf etməsə də, döl yumurtası inkişaf etdikdə xüsusi hamiləlik hormonları ifraz etmiş olur. Ona görə də testlərdə zəif də olsa nəticə müsbət göstərilir. Qadın həkimə yalnız qanaxma ilə müraciət edib. Xəstə əməliyyata götürülüb və ona narkoz verilib. O isə narkozdan çıxa bilməyib”.
S. Məmmədova vurğulayıb ki, Qala qəsəbəsindəki ana ölümü isə evdə doğuş zamanı olub: “Həkimə bir dəfə müraciət edilib, lakin həkim sancı olduqda müraciət etməyi məsləhət görüb. İki həftədən sonra qadının evdə sancısı tutub. Qohumları isə onu vaxtında həkimə gətirmək əvəzinə tam açılışın olmasını gözləməyi məsləhət biliblər. Əvvəldən anemiyası olan qadın vaxtında həkimə müraciət etmədiyindən müalicə almayıb. Evdə sancını sona kimi gözləyib, nəticədə su kisəsi açılmayıb, belə olan halda ciftin vaxtından əvvəl qopması baş verib. Nəticədə isə qanaxma baş verərək ölümə səbəb olub”.
“Ağcabədidəki ana ölümünə ağır preklamsiya (ağır və fəsadlaşmış hamiləlik) səbəb olub. Belə ki, əvvəldən bu qadının böyrəyində problem olub. Belə ki, doğuşdan sonra böyrək fəaliyyətini dayandırıb. Zahılığın 34-cü günündə böyrək ağrısı ilə həkimə müraciət edib. Məlum olub ki, 10 günə yaxındır böyrəyi süzmürmüm. Xəstə dərhal respunlika kilinik xəstəxanasına göndərilib. Ona nə qədər yardım göstərilib dializə qoşulsa da həyatını xilas etmək mümkün olmayıb”- deyə baş mama-ginekoloq əlavə edib.
O, həmçinin vurğulayıb ki, qeydə alınan bütün hamiləliklərin hamısı təkrar hamiləlik olub. Qadınların hamısının da yaşı 30-dan yuxarı olub.  

Xəbərin orijinal ünvanı: https://report.az/sehiyye/bu-il-azerbaycanda-bas-veren-ana-olumlerinin-sebebleri-aciqlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR