Ötən il "Şahdəniz" layihəsi üzrə 4,2 mlrd. dollar xərclənib

Ötən il "Şahdəniz" layihəsi üzrə 4,2 mlrd. dollar xərclənib
16:42 21 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 21 fevral. REPORT.AZ/ “Şahdəniz” konsorsiumu layihə üzrə fəaliyyətə 2016-cı il ərzində 4,169 mlrd. ABŞ dolları həcmində vəsait xərcləyib.
“Report” “Şahdəniz” yatağının operatoru olan “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, təqribən 469 mln. dollar əməliyyat xərcləri və təqribən 3,7 mlrd. dollar əsaslı xərclərə çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.
Məlumata görə, 2016-cı ildə “Şahdəniz Mərhələ 1”in mövcud platformasında (Alfa) SDA09 qaz hasilatı quyusu qazılıb və hasilata başlamaq üçün təhvil verilib. Bundan sonra isə SDA10 quyusunun dərin hissələrində qazma işlərinə başlanıb. Bu işlər hazırda davam edir.
“İstiqlal” qazma qurğusunda yenidənqurma işləri və istismar sınaqları sentyabr ayının ortalarına başa çatıb. İlin IV rübündə bu qazma qurğusu SDC04 quyusunu tamamlayıb. Bu da “Şahdəniz 2” layihəsi çərçivəsində tamamlanıb və hasilata hazır vəziyyətə gətirilmiş ilk quyudur. “Heydər Əliyev” qazma qurğusu SDG02 və SDG04 quyularının məhsuldar lay hissələrini qazıb. Hazırda bu qurğuda SDF01 quyusunun üst hissəsində qazma işlərinə başlamaq üçün hazırlıq işləri aparılır”.
Məlumata görə, bu iki qazma qurğusu artıq “Şahdəniz Mərhələ 2”dən hasilatın başlanması və ondan sonrakı tədrici artırılmasına hazırlıq çərçivəsində 12 hasilat quyusu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.
Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub.
Layihədə BP (operator – 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6.7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-sahdeniz-layihesi-uzre-4-2-mlrd-dollar-xerclenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR