ƏLİ HÜSEYNLİ: “Mehriban Əliyevanın təyinatı dövlətçilik yolunda arzuolunan qərardır”

ƏLİ HÜSEYNLİ: “Mehriban Əliyevanın təyinatı dövlətçilik yolunda arzuolunan qərardır”
19:24 21 Fevral 2017
176 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Konstitusiyasına 2016-cı ildə referendum yolu ilə edilmiş əlavə və dəyişikliklərdən ən əhəmiyyətlisi və vacib hissələrindən biri əsas sənədə 103-1-ci maddənin əlavə edilməsi idi. Bu, Azərbaycan Respublikasının vitse-prezidentləri ilə bağlı maddədir və Azərbaycanda vitse-prezidentlər institutunun əsasının qoyulması demək idi”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Heydər Əliyev Fondunun prezidenti, deputat Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin edilməsini şərh edərkən deyib.

 

O qeyd edib ki, müasir dünyada vitse-prezidentlər institutu çox əhəmiyyətlidir və bu, icra strukturunda olduqca aparıcı rol oynayır: “Birinci vitse-prezident icra hakimiyyəti strukturunda bütövlükdə Konstitusiyaya görə Azərbaycan dövlətində ikinci məsul şəxsdir. Yenə də Konstitusiyaya görə bir sıra hallarda birinci vitse-prezident prezidenti əvəz edə bilir”.

 

Komitə sədri vurğulayıb ki, bu gün prezident İlham Əliyev tərəfindən Konstitusiyaya uyğun olaraq Mehriban Əliyevanı ölkənin birinci vitse-prezidenti təyin olunması Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda çox mühüm bir addımdır: “Çünki Mehriban xanım Əliyeva indiyə qədər də ölkədə həyata keçirilən işlərə, inkişafa öz töhfəsini həm Heydər Əliyev Fondunun prezidenti kimi, həm də deputat kimi verib. Mehriban xanım eyni zamanda bir sıra beynəlxalq tədbirlərin təşkilatçısı, komissiyaların rəhbəri kimi dövlətçilik yolunda öz töhfəsini verib. Bu baxımdan deyə bilərəm ki, Mehriban xanım cənab prezidentin ən yaxın silahdaşı olub və təyinat arzuolunandır. Buna görə də onun indi birinci vitse-prezident təyin olunması həm təqdirəlayiqdir, həm də ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Mehriban Əliyeva həm də xalq arasında bacarığına, biliyinə və gördüyü işlərə görə böyük rəğbət qazanıb. Beləliklə Mehriban xanım Əliyevanın birinci vitse-prezident təyin olunması xalqın dəstəklədiyi bir fikir olmaqla yanaşı, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda verilmiş mühüm qərardır. Əminik ki, bu təyinatdan sonra Azərbaycanda həyata keçirilən islahatlar daha da sürətlənəcək”.

 

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı sərəncama əsasən Mehriban Əliyeva Azərbaycanın birinci vitse-prezidenti təyin edilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268181

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR