Gürcü rejissor: “Azərbaycanın kədəri bizim kədərimizdir”

Gürcü rejissor: “Azərbaycanın kədəri bizim kədərimizdir”
06:29 22 Fevral 2017
82 Digər
Ölkə mətbuatı
A- A+

Fevralın 21-də “Xocalıya Ədalət” kampaniyası çərçivəsində Gürcüstanda azərbaycanlı gənclərdən ibarət qrupun "Xocalı üçün birləşək" adlı işçi qrupunun təşəbbüsü və “Salam” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə Rustavi şəhərində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunan tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Xocalı şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib. Tədbiri "Xocalı üçün birləşək" adlı işçi qrupunun üzvü Nərgiz Əliyeva açaraq Xocalı soyqırımının tanıdılması və təbliği ilə bağlı mühüm və əhəmiyyətli  işlər aparan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya Ədalət" kampaniyası haqqında ətraflı məlumat verib.

 

Sonra filologiya üzrə fəlsəfə doktoru, professor Mahmud Kamaloğlu, “Salam” Xeyriyyə Cəmiyyətinin sədri Maya Rəcəbova və başqaları çıxış edərək, ermənilər tərəfindən törədilən Xocalı soyqırımının XX əsrin faciəsi və bəşəriyyətin qara ləkəsi olduğunu bildiriblər.

 

Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov çıxış edərək faciə nəticəsində insanlığa böyük zərbə vurulduğunu, vandalizm hərəkətlərinə yol verildiyi, uşaq, qoca, gənclərə və qadınlara zülm və işgəncə verildiyini vurğulayıb. O, soyqırımına hələ də siyasi qiymət verilmədiyini bildirib.

 

Tədbirdə çıxış edən Gürcüstanın tanınmış jurnalisti, kinorejissor, ART Paralel Televiziyasının sədri Tenqiz Txilava ölkələrimiz arasında əməkdaşlığın gücləndiyini, münasibətlərimizin getdikcə yaxşılaşdığını tədbir iştirakçılarının nəzərinə çatdırıb. Gürcü rejissor Gürcüstan və Azərbaycan arasında olan tarixi dostluğun bu gün də şərəflə davam etdirildiyini, iki ölkənin iqtisadiyyatına yatırılan investisiyanın getdikcə çoxaldığını və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirildiyini qeyd edib.

 

T. Txilava iki ölkənin və iki xalqın faciəsinin bir-birinə bənzədiyini bildirib: “Bizim kədərimiz də, sevincimiz də birdir. Biz gürcülər 9 Aprel faciəsində azərbaycanlı qardaşlarımızın bizi necə dəstəklədiyinin şahidiyik. Tiflisin küçələri qərənfilə bürünmüşdü. Bu gün isə Azərbaycan xalqı Xocalı soyqırımın ağrılarının 25-ci ildönümünü qeyd edir. Bu gün gürcü xalqı və gürcü cəmiyyəti Azərbaycan xalqının yanındadır və siz bunu hər zaman hiss edəcəksiniz. Biz sizin kədərinizi öz kədərimiz bilirik”, - deyə gürcü rejissor qeyd edib.

 

Tədbirdə Kvemo Kartli bölgə idarəsinin nümayəndəsi, jurnalistlər, alimlər, məktəb direktorları, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268212

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR