Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb

Qazaxıstan və Azərbaycan parlament nümayəndələri görüşüb
11:07 22 Fevral 2017
86 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 22 fevral. REPORT.AZ/ Qazaxıstan Məclisində (parlamentin Aşağı Palatası) bu ölkənin və Azərbaycanın parlament nümayəndələrinin görüşü keçirilib.
"Report" xəbər verir ki, görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası dostluq qrupunun sədri Adil Əliyev, deputat Naqif Həmzəyev və Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Qazaxıstan tərəfdən Məclis sədrinin müavini Vladimir Bojko, Məclis komitəsinin sədri Omarxan Oksikbayev, deputat Aşimbayev Maulen iştirak ediblər.
Vladimir Bojko iki ölkə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərindən danışıb, əlaqələrin bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini bildirib.
Görüşdə Azərbaycanla Qazaxıstan arasında əməkdaşlığın möhkəmləndirilməsi, xüsusilə iqtisadi-ticarət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib. Həmçinin nəqliyyat-tranzit sahəsində əməkdaşlığın prioritet istiqamətləri, birgə iri layihələrin reallaşdırılması kimi məsələlər diqqətə çatdırılıb.
Söhbət zamanı Qazaxıstanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində fəaliyyətə başlaması, hər iki ölkədə həyata keçirilən konstitusiya islahatları qeyd edilib.
Qazaxıstan Xalqlar Assambleyasının fəal üzvü olan Azərbaycan diasporu hər iki ölkə arasında “qızıl körpü” adlandırılıb.
Parlamentlərdəki dostluq qruplarının ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminlik ifadə edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/qazaxistan-ve-azerbaycan-parlament-numayendeleri-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR