​Çində quş qripinə qarşı yeni peyvənd hazırlanır

Çində son üç ayda 106 adamın ölümünə səbəb olan H7N9 virusuna qarşı istehsal olunan peyvənd test mərhələsinə çatıb.

Metbuat.az "China Daily" qəzetinə istinadən xəbər verir ki, "Beijing Tiantan Biological Products Co." firmasının istehsal etdiyi dörd növ quş qripi peyvəndinin klinik testlərinə başlanacaq.

Çin Qida və Dərman İdarəsi tərəfindən təsdiq edilmiş peyvəndlər testlərin tamamlanması və ardıcıl istehsal edilməsi üçün lazım olan sertifikatları aldıqdan sonra bazara çıxarılacaq.

Ölkədə başqa dərman firmalarının da quş qripi peyvəndi inkişaf etdirmək üçün işlər gördüyü bildirilib.

Çin Milli Sağlamlıq və Ailə Planlaşdırma Komitəsi keçən dekabr ayından bu yana virus epidemiyası səbəbiylə 106 adamın həyatını itirdiyini və 359 adamın müalicə gördüyünü açıqlamışdı.

Mütəxəssislər H7N9 virusunun heyvandan insana keçdiyini, ancaq insandan-insana yoluxmasının mümkün olmadığını vurğulayıb.

Quş qripinin görüldüyü bölgələrdə sıx tədbirlər görülməsinə baxmayaraq, xəstəlik yaz və qış aylarında digər aylara nisbətən sürətlə epidemiyaya çevrilir.

Qeyd edək ki, Çində ilk dəfə H7N9 virusu 2013-cü ilin mart ayında peyda olmuşdu.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR