İrandakı aksiyalarda ABŞ izi... - Qonşuda nə baş verir ? / VİDEO

İranın Əhvaz və Xuzistan bölgələrində yerli əhalinin etiraz aksiyaları daha da şiddətlənir. Ərəb və farsların yaşadığı bu bölgələrdə insanlar kommunal xərclərinin artması, işıq və suyun tez-tez kəsilməsi, zavod və fabriklərin bağlanması və əmək haqlarının azalmasından şikayətçidirlər.

Etiraz aksiyasını yatırtmağa çalışan polislər onlarla etirazçını həbs edib.Yerli əhali müqavimət göstərən polisləri döyərək, onların avtomobillərini yandırıblar. Etirazçılar Milli Məclisdəki vəkillərə səslənərək, qiymətlərin endirilməsini və əmək haqqlarının artırılmasını tələb ediblər. Hadisələrin maraqlı tərəfi budur ki, bu etiraz aksiyaları İran İslam İnqilabının 38-ci ildönümə təsadüf edir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən siyasi şərhçi Vüqar Zifəroğlu bildirdi ki, İranda mövcud olan ciddi iqtisadi problemlər, narazılıqların olmasına səbəb olur. Müxtəlif fabrik və zavodların bağlanması, işçilərin ixtisar edilməsi, əmək haqqlarının azaldılması, bugünkü İranın reallığıdır və bütün bunlar təbii ki, müəyyən sosial narazılıqların artmasına gətirib çıxarır:

“İranda ərəblərin kompakt yaşadığı bölgələrdə, eyni zamanda azərbaycanlıların yaşadığı ölkənin şimal hissəsində sosial problemlər özünü daha qabarıq şəkildə göstərir. Hətta bununla bağlı İran parlamentində də azərbaycanlı millət vəkilləri dəfələrlə məsələ qaldıraraq bildiriblər ki, bu əyalətlərdə sosial yaşayış səviyyəsi və iqtisadi durum, mərkəzi əyalətlərlə müqayisədə daha pisdir. Amma şübhəsiz ki, bu narazılıqlardan istifadə edən xarici qüvvələr əlbəttə ki, olacaq və hazırki İran-ABŞ və İran- ərəb münasibətləri fonunda bu gözləniləndir.

Bu məqamda xüsusilə, ABŞ ilə ərəb ölkələrinin İŞİD-ə qarşı birgə yaratmaq istədikləri koalisiya ilə bağlı aparılan danışıqları nəzərinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, koalisiya ilə bağlı ekspertlərin də gəldiyi ümumi rəy bundan ibarətdir ki, hədəfdə yalnız İŞİD olmayacaq və İran da belə bir koalisiyanın formalaşmasından ehtiyat etməlidir. İsrailin də sözügedən kolaisiyaya dəstək verməsi, bu qənaəti gücləndirən vacib faktordur.

Bir başqa məqam odur ki, Əhvaz və qonşu olan digər vilayətələrdə həmişə etnik ərəblərlə qarşıdurmalar yaşanıb. Bunlar bir çox hallarda müəyyən sosial və məişət problemləri ilə bağlı olsalar da, narazılıqların şişirdilməsi, daha geniş vüsət alması, müəyyən etnik-siyasi çalarlar əldə etməsi son dərəcə realdır. Və bunda şübhəsiz ki, xarici qüvvələrin təsiri olacaq”.

Xəyalə Məmmədova

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR