“Bruqada” sindromu nədir? - Azərbaycanda 2 ailə bundan əziyyət çəkir

“Bruqada” sindromu nədir? - Azərbaycanda 2 ailə bundan əziyyət çəkir
12:59 22 Fevral 2017
105 Digər
Ölkə mətbuatı
A- A+

Ölkədə nadir rast gəlinən patologiyalardan biri “Bruqada” sindromudur. Bu sindrom genetik olaraq nəsildən-nəslə keçərək müxtəlif həyati təhlükəli arretmiyaları törədə bilir. Lent.az-ın məlumatına görə, bunu Həkimləri Təkmilləşdirmə İnstitutunun Terapiya kafedrasının müdir əvəzi İsax Mustafayev deyib. İ. Mustafayev deyir ki, arretmiyalar ürək dayanması ilə bərabər qəfləti ölümə gətirib çıxara bilər. “Bruqada” sindromu ürəkdə heç bir struktur patologiyası olmayan insanlarda müşahidə olunan anadangəlmə birincili kanalopatiyadır:  “Sindromun yayılmasının həqiqi göstəriciləri məlum deyil, amma ümumi məlumatlara əsasən Uzaq Şərqdə və Cənubi Şərqi Asiyada bu sindrom daha çox yayılıb”.  

 

İ. Mustafayevin sözlərinə görə, “bruqada” sindromu izah olunmaz qəfləti ölümlərin 4-12 faizini təşkil edir: “Bu sindrom uşaqlıq yaşından başlayaraq özünü büruzə verə bilər. Müalicə olunmadıqda xəstə 30-40 yaşlarında ölə bilər. Strukturu normal olan ürəkdə baş verən qəfləti ölümün 20 faizinin əsas səbəbi bu sindromla əlaqələndirilir. Kişilərdə qadınlara nisbətən bu sindroma yoluxma 8-10 dəfə çoxdur. Anamnezdə sinkopal halları olan və EKQ-da sindromun əlamətləri aşkar olunan xəstələrdə aşağı risklilərlə müqayisədə ürəyin dayanmasının nisbi şansı 6,4-dür”.

 

İ. Mustafayev qeyd edib ki, Azərbaycanda iki ailə “Bruqada” sindromundan əziyyət çəkir: “Bizə 18 yaşında gənc qız çox ağır ürəkgetmə epizodu ilə müraciət edib. Həmin qızda kliniki və laborator müayinələrdə patologiya aşkar olunmayıb, yəni ürəkgetmə baş verdikdən sonra tez müddətə ayıldığı üçün ailəyə təsəlli verdim ki, qorxulu bir şey yoxdur. Bu hallar təkrar olunarsa, onu uzadaraq ayaqlarını bir az yuxarı qaldırmaq bəs edər. Lakin atası bizə ciddi şəkildə xəbərdarlıq etdi ki, onun həyat yoldaşı 45 yaşında yuxuda ürəyi dayanaraq dünyasını dəyişib. Ötən il isə oğlan övladı 17 yaşında eyni səbəbdən vəfat edib. Həmin qıza müvafiq aparat taxıldıqdan sonra ölüm halı baş vermədi. Bundan sonra həmin qızın təkrar ürək elektrokardioqramasına baxdıq. Bu zaman “bruqada” sindromumun göstəricilərini müşahidə etdik”.

 

İ.Mustafayev əlavə edib ki, bu sindromdan əziyyət çəkən xəstələrdə dərman müalicəsindən geniş istifadə olunmur: “ Çünki bu patologiya zamanı ölümü ciddi azaldan dərman preparatı hələlik icad olunmayıb. Sindromun aradan götürülməsi üçün ən effektiv metod elektroimpuls terapiyası (EİT) hesab edilir. Əgər xəstənin anamnezində (xəstəliyin tarixçəsi) qəfləti ölüm halı olubsa və ya tez-tez bayılmalar olursa, ona mütləq şəkildə implanta olunan kardivertor deffibulyator (İSD) aparatı qoşulmalıdır. Bu müalicə üsulu Azərbaycanda uğurla icra olunur”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/268251

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR