Məşhur rus kəşfiyyatçısı Bakıya gəlir

Məşhur rus kəşfiyyatçısı Bakıya gəlir
14:23 22 Fevral 2017
102 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyasının sabiq Dövlət katibi, Baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda iştirak edəcək.

Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, “Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında Gennadiy Burbulisin çıxışı nəzərdə tutulub.

Xatırladaq ki, G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.

Vyaçeslav Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. V.Trubnikov həmin dövrdə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edib.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR