Nazir: "2-3 ildən sonra IAP-ın tikintisinə başlamaq üçün hazır olacağımıza ümid edirik"

Nazir: "2-3 ildən sonra IAP-ın tikintisinə başlamaq üçün hazır olacağımıza ümid edirik"
09:57 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ "Ümid edirik ki, 2-3 ildən sonra İon-Adriatik Kəmərinin (IAP) inşasına başlamaq üçün hazır olacağıq". 
"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Monteneqronun iqtisadiyyat naziri Dragitsa Sekuliç jurnalistlərə bildirib. 
O qeyd edib ki, son illər İAP layihəsi üzrə böyük irəliləyiş əldə olunub: "Layihədə iştirak edən ölkələrdə işlər çox irəliləyib. Xorvatiyada işlər irəli mərhələdədir, Monteneqro və Albaniyada isə hazırlıq mərhələsindədir. Biz planlaşdırma, layihələndirmə işlərini yekunlaşdırırıq. Ümid edirik ki, 2-3 ildən sonra inşaat işlərinə başlamaq üçün hazır olacağıq. Bu layihə Avropanın bu hissəsi üçün prioritetlərdən biridir. İşlərin sürətləndirilməsi üçün əlimizdən gələni edəcəyik". 
Nazir əlavə edib ki, IAP layihəsinin ölkəsinin qazlaşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulayıb. D.Sekuliç, həmçinin Azərbaycanın Montenqronun dostu olduğunu və müxtəlif layihələrin də bunu göstərdiyini bildirib. O, SOCAR-la əlaqələrdən də danışaraq qeyd edib ki, SOCAR layihənin yaranmasından bəri daim dəstəyini, köməyini göstərir. 
Xatırladaq ki, IAP kəmərinin Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilməsi nəzərdə tutulur. Kəmərin Albaniya, Monteneqro, Bosniya və Herseqovina və Xorvatiya ərazisindən keçməsi planlaşdırılır. IAP kəmərinin Splitdən (Xorvatiya) Fierə (Albaniya) qədər uzunluğunun 516 km olması nəzərdə tutulur. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması planlaşdırılır.
Ötən ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Xorvatiya, Albaniya, Bosniya və Herseqovina, Monteneqro arasında İon-Adriatik Qaz Kəməri (IAP) layihəsinin gələcək inşası üzrə Anlaşma Memorandumu imzalanıb.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/nazir-2-3-ilden-sonra-iap-in-tikintisine-baslamaq-ucun-hazir-olacagimiza-umid-edirik

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR