"O burda yoxdur, zəngi çalan mənəm" - Həmin gün nə baş vermişdi?

400 il öncə Florensiya ətrafında bir kənddə baş vermiş qəribə hadisəni bir neçə cümlə ilə anlatmağa çalışacam. İcazənizlə, bütün diqqətinizi bu önəmli tarixi hadisəyə yönəltmək istəyirəm. Alışqanlığımızın əksinə, bu hadisədən çıxaracağımız dərs üçün hekayənin sonunu gözləməyə ehtiyac yoxdur. Özünü o dəqiqə ortaya qoyacaq.

Kənd sakinlərinin kimisi evindəydi, kimisi tarlasında işləyirdi. Hər biri öz işi ilə məşğul idi ki, birdən kilsənin zəngi eşidildi. O günlərdə ( 16-cı yüzillikdə olmuş bir hadisədən bəhs edirəm) zənglər gün ərzində bir neçə dəfə çalardı; təəccüblənəcək bir şey yoxdur. Amma zəng matəm zəngi idi. Kədərli-kədərli, bəli və bu təəccüblü idi, çünki kənddə heç kim ölüm ayağında deyildi. Qadınlar küçəyə töküldülər, uşaqlar toplaşdılar, adamlar tarladakı işlərini yarımçıq buraxdılar. Bir müddət sonra hamısı kilsənin həyətinə toplaşdı. Kimin üçün ağlayacaqlarını onlara deməsini gözləyirdilər. Zəng bir neçə dəqiqə də çaldıqdan sonra susdu.

Daha sonra qapı açıldı və bayırda bir kəndli görsəndi. Bu adam həmişəki zəng çalan olmadığına görə kimin öldüyünü, zəng çalanın harada olduğunu soruşmaqları normal idi. "O burda yoxdur, zəngi çalan mənəm" - deyə kəndli cavab verdi. Kənd sakinləri israrla "yaxşı, bəs ölən yoxdur?" deyə soruşduqda, kəndli belə dedi: " xeyr, adı olan, insan görünüşündə biri üçün deyil, ədalət üçün çaldım yas zəngini, çünki ölən ədalətdir".

Müəllif: Jose Saramaqo

Dəniz / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR