Vergi ödəyiciləri üçün yeni qaydalar tətbiq ediləcək

Vergi ödəyiciləri üçün yeni qaydalar tətbiq ediləcək
11:57 23 Fevral 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"ƏDV ödəyiciləri üçün yeni qaydalar aprelin 1-dən qüvvəyə minəcək".

Milli.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib.

Şamil Ərəbov bildirib ki, Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərin böyük bir qismi də məhz sahibkarların geniş fəaliyyəti üçün daha əlverişli şərait yaradılmasına xidmət edir: "Dəyişikliklərin əsas məqsədi ölkədə sahibkarlığın və investisiyaların təşviqi, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsidir. Bu məqsədlə bir sıra vergi güzəştləri tətbiq olunub, stimullaşdırıcı və vergi yükünü optimallaşdıran mühüm addımlar atılıb". 


Elektron qaimə-fakturanın tətbiqi ilə bağlı vergi ödəyicilərinin hazırlıq səviyyəsini şərh edən Ş.Ərəbov sahibkarlarla keçirilən görüşlərdə bununla bağlı onlara ətraflı məlumatlar verildiyini, e-qaimənin tətbiqinə hazırlaşmalarının tövsiyə olunduğunu bildirib: "Artıq aprelin 1-nə az müddət qalıb, ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün bu qaydalar cari il aprelin 1-dən tətbiq olunduğundan, onların bu yeniliyə hazırlığı ilə bağlı təşviqat işləri daha da gücləndirilib. Elektron qaimə-fakturanın tətbiqi vergi ödəyicilərinin özləri üçün müsbət əhəmiyyət daşıyır. Əsas üstünlüyü isə kargüzarlıq xərclərinin və vaxt itkisinin azaldılmasıdır. Bu baxımdan, bu yeniliyə sahibkarların məsuliyyətlə yanaşmaları tövsiyə olunur".

O qeyd edib ki, proqnozlara görə, e-qaimə-fakturanın tətbiqi vergi daxilolmalarının artmasına da təsir göstərəcək: "Məsələn, 2013-cü ildə Vergilər Nazirliyi ƏDV ödəyiciləri üçün ilk dəfə e-fakturanın tətbiqinə başladı və nəticəsi müsbət oldu və həmin il dövlət büdcəsinə ƏDV üzrə vergi daxilolmalarının həcmi əvvəlki illə müqayisədə 70% artdı".

Ş.Ərəbovun sözlərinə görə, qanunvericiliklə bağlı vergi orqanları və biznes arasında qarşılıqlı əlaqənin genişləndirilməsi davam etdiriləcək. Sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı vergi ödəyicilərinin rəy və təklifləri həmişə öyrənilir və öyrəniləcək. Bu baxımdan, sahibkarlarla görüşlər mütəmadi xarakter daşıyacaq, onlarla müzakirələr davam etdiriləcək, fikir və təklifləri nəzərə alınacaq.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/520386.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR