Səfir: "Macarıstan Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı kimi təşviq edəcək"

Səfir: "Macarıstan Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı kimi təşviq edəcək"
12:22 23 Fevral 2017
84 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 fevral. REPORT.AZ/ Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskinin "Report" agentliyinə müsahibəsi:
- Bu ildən Macarıstanın Bakıdakı səfirliyi NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi funksiyasını yerinə yetirəcək. NATO ilə Azərbaycan arasındakı münasibətlərin möhkəmlənməsinə Macarıstan necə kömək edə bilər?
- Macarıstan və ölkəmizin Bakıdakı səfirliyi Azərbaycanı NATO-nun etibarlı tərəfdaşı kimi təşviq edəcək. Əslində bu, həqiqətən də belədir. NATO ilə Azərbaycan arasında kommunikasiya kanallarını açıq saxlayacağıq, yüksək səviyyədə siyasi mübadiləni dəstəkləyəcəyik, görüşlər, seminarlar təşkil edəcək, NATO nümayəndələrinin Azərbaycana səfərlərini dəstəkləyəcəyik. Bundan əlavə, Azərbaycanın dövlət və vətəndaş cəmiyyəti institutlarının, ali təhsil müəssisələrinin və mediasının NATO-nun Brüsseldəki mənzil-qərargahına səfərlərini dəstəkləyəcək və təşkil edəcəyik. Bundan başqa, NATO sammitlərindən və mühüm görüşlərdən sonra NATO strategiyası haqqında məlumat verəcəyik. Azərbaycanda etdiklərimizin, NATO-nun qlobal təhlükəsizlik mühitinin yaradılması baxımından həyata keçirdiklərinin daha yaxşı anlaşılması üçün mediaya müsahibələr verəcəyəm.
Qeyd etməliyəm ki, 2016-cı ildə Varşavada keçirilən sammitdə NATO-nun müttəfiqləri sabitliyin və təhlükəsizliyin gücləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğulayıblar. NATO tərəfdaşlığı bu məqsədlərə nail olmaq üçün əvəzolunmaz vasitə kimi özünü sübut edib və geniş təhlükəsizlik şəbəkəsi qurulmasında vacib vasitə olmağa davam edəcək. Azərbaycan isə bu şəbəkənin mühüm mərkəzidir. Bu baxımdan əlaqələndirici səfirliklər NATO səylərinin bütün dünya üzrə yayılmasına töhfə verərək mühüm rol oynayır.
NATO-nun əlaqələndirici səfirlikləri və tərəfdaşlar əl-ələ hərəkət edir, tərəfdaşlar olmadan onların əməkdaşlığı və NATO-nun təhlükəsizlik üzrə səyləri mümkün deyil. Azərbaycanın NATO ilə əməkdaşlığının 1992-ci ilin mart ayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramının imzalanmasından sonrakı 25 ildə olan şəkildə davam edəcəyinə çox ümid edirəm.
- NATO-nun 2017-ci ildə Brüsseldə keçiriləcək sammitindən Macarıstanın gözləntiləri nədir?
- Bildiyiniz kimi, NATO sammitləri iki ildən bir keçirilir. Son iki sammit 2014-cü və 2016-cı ildə müvafiq olaraq, London və Varşavada keçirilib. Lakin NATO-nun növbədənkənar sammitinin keçirilməsi barədə qərar qəbul edə bilər. Məlum olduğu kimi, NATO-nun növbəti sammiti 2017-ci ildə Belçikada, yeni qərargahda keçiriləcək.
Macarıstanın sammitdən nə gözləməsi məsələsinə gəlincə, bu cür görüşlər əsasən Alyans üçün mühüm anlarda keçirilir. Belə görüşlər müntəzəm deyil, lakin qərar qəbuletmə prosesində mühüm kəsişmə rolunu yerini yetirir və 2017-ci ildə biz belə bir kəsişmədəyik. ABŞ-da yeni prezident seçilib, biz son iki sammitdə qəbul edilmiş qərarların planlaşdırıldığı kimi yerinə yetirilib-yetirilmədiyini nəzərdən keçirməliyik. Bütün bunlar Brüsseldə aparılacaq müzakirələrin mühüm mövzuları ola bilər. Ancaq NATO baş katibi Yens Stoltenberqlə ABŞ prezidenti Donald Tramp arasındakı telefon danışığına qayıtsaq, müzakirə üçün bir çox məsələnin olduğunu görərik. Məsələn, terrorla mübarizə, Ukraynanın şərqindəki zorakılıq, NATO və Rusiya arasındakı münasibətlərin sülh yolu ilə həlli ehtimalı və s. Yeri gəlmişkən, qərar verən şəxslər əvvəlki sammitlərdə qəbul edilmiş qərarlarının həyata keçirilməsindəki irəliləyişləri nəzərdən keçirəcək və lazım gələrsə, dəyişikliklər edəcək.
- IPAP çərçivəsində NATO ilə Azərbaycan arasındakı əməkdaşlıq hansı səviyyədədir? Yüksək rütbəli NATO rəsmilərinin Azərbaycana səfərlərini gözləmək olarmı?
- Azərbaycan Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planına (IPAP) 2004-cü ildə qoşulub. Amma buna qədər də ölkə NATO ilə unikal əməkdaşlığa hazır idi. Bu, Azərbaycanın NATO ilə əməkdaşlığın lap əvvəlindən özünü yaxşı təqdim etməsi deməkdir. Buna yaxşı nümunə kimi, Azərbaycanın 1996-cı ildə "Sülh naminə Tərəfdaşlıq" (SNT) və 1997-ci ildə "Planlaşdırma və Analiz Prosesi" (PAP) proqramına qoşulmasını göstərmək olar. Ölkə 2005-ci ildən başlayaraq, IPAP-ın dörd mərhələsini uğurla yerinə yetirib. Bu mərhələləri uğurla başa vurduğuna görə, Azərbaycan Silahlı Qüvvələri milli vəzifələrini yerinə yetirməyə, NATO əməliyyatlarında iştirak etməyə və SNT-nin digər qoşunları ilə əməkdaşlıq etməyə və ya məsələn, Əfqanıstanın Milli Ordusuna hazırlıq keçməyə qadirdir. Bu, silahlı qüvvələrdə aparılan islahatlara əsaslanan əhəmiyyətli irəliləyişdir. Azərbaycan xalqı haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə qürur duyur. Bu qüvvələrin bəziləri NATO standartlarına uyğun vəzifələrini həyata keçirir, NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda, enerji təhlükəsizliyinin təmin edilməsində, yaranmış təhdidlərin aradan qaldırılmasında iştirak edir.
Macarıstanın Azərbaycandakı səfiri İmre Laslotskin
Bəli, Azərbaycan 2017-ci ildə NATO-nun yüksək ranqlı nümayəndə heyətlərinin səfərlərinə ümid edə bilər. Çünki müxtəlif tədbirlərdə iştirak etmək üçün NATO-nun yüksək vəzifəli rəsmilərini Bakıya dəvət etməyi planlaşdırırıq. Bundan əlavə, Bakıya ekspertlər komandasının səfər edəcəyini gözləyirik və belə səfərlərdən ilki artıq mart ayında olmalıdır. PAP çərçivəsində reallaşacaq bu səfər  Azərbaycan Silahlı Qüvvələrinə öz imkanlarını yaxşılaşdırmağa və NATO standartlarına uyğun təlimlər keçmiş bölüklərinin sayını artırmağa imkan yaradacaq.
NATO-nun tərəfdaş ölkələrlə NATO üzvləri arasında əməkdaşlıq vasitəsilə Alyansın bacarıqlı qüvvələrinin inkişafı üçün böyük "səbəti" var. Bu cür "səbətə" hər il təxminən 1600 tədbir daxildir. Azərbaycan və azərbaycanlı hərbçilər SNT proqramı çərçivəsində hər il təxminən 200 belə proqramda iştirak edirlər. Bu, böyük vəsait tələb edən böyük rəqəmdir. Belə əməkdaşlıq həm tərəfdaş ölkə, həm də NATO-nun xeyrinədir. Növbəti iki il ərzində Macarıstan Silahlı Qüvvələrindən yeni nəsə təqdim etməyə və azərbaycanlı dostlarımızı bu layihəyə qoşulmağa inandırmağa çalışacağıq. Səylərimizin uğurlu olacağına əminik.
NATO-nun Azərbaycandakı əlaqələndirici səfirliyi kimi 2017-ci ildə Bakıda regional təhlükəsizlik məsələləri üzrə böyük konfrans keçirməyi planlaşdırırıq.
- NATO üzvü kimi Macarıstan Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını necə qiymətləndirir?
- NATO-nun siyasi və hərbi rəhbərliyi, eləcə də Alyansın bütün üzvləri NATO-nun rəhbərlik etdiyi əməliyyatlarda Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirir. NATO baş katibləri dəfələrlə Azərbaycanın Kosovo və Əfqanıstandakı missiyalarda iştirakından məmnunluğunu ifadə ediblər. Baş katib Rasmussen Prezident İlham Əliyevin 2014-cü ildə NATO-nun mənzil-qərargahına səfəri zamanı ona minnətdarlığını bildirib, baş katib Stoltenberq isə ötən ilin dekabr ayında Brüsseldə "Qətiyyətli Dəstək" missiyası çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla görüş zamanı ona təşəkkür edib. NATO-nun digər üzvləri ilə eyni yolu çiyin-çiyinə addımlamaq tərəfdaş ölkə üçün böyük uğurdur. Hazırda Azərbaycanın 94 əsgəri "Qətiyyətli Dəstək" missiyası çərçivəsində əfqan əsgərlərə təlimlər keçmək üçün Əfqanıstanda xidmət edir.
Bundan əlavə, Azərbaycan NATO Etimad Fondu baxımından da Alyans ilə həmrəylik nümayiş etdirir və bu, Əfqanıstan ordusu üçün dəyərli dəstəkdir.
- Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq sazişi üzrə danışıqların başlanmasını necə qiymətləndirirsiniz?
- Bu, Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi baxımından çox əhəmiyyətli addımdır. Macarıstan hər mənada Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafını dəstəkləyir.
- Bu yaxınlarda Macarıstan hökuməti ölkədə təhsil almaq istəyən azərbaycanlı tələbələr üçün sənəd qəbulu başladığını elan edib. Artıq neçə tələbə müraciət edib? Ümumiyyətlə, Azərbaycan və Macarıstan arasında bu müqavilənin müddətinin uzadılmasını gözləmək olar?
- Onlayn sənəd qəbulu bu yaxınlarda başladığından konkret rəqəmlər barədə danışmaq hələ tezdir. Amma bu yaxşı ideyanın daha üç il müddətinə uzadılacağına ümid edirik. Ötən il 180 tələbə təqaüd alıb, bu il daha çox tələbə cəlb edəcəyimizə ümid edirik.
- Macarıstan və Azərbaycan arasında hansısa səfərlər və ya tədbirlər gözlənilirmi?
- Prezident İlham Əliyevin bu il Budapeştə səfəri və Macarıstanda hökumətlərarası komissiyasının növbəti iclasının keçirilməsi üzərində işləyirik.
Səfirlik Heydər Əliyev Fondu və Macarıstan Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq şəklində martın 16-17-də "Azərbaycanda Macarıstan mədəniyyəti günləri" çərçivəsində bir sıra mədəni və elmi tədbirlər təşkil edəcək. Mədəniyyəti günləri çərçivəsində kitab və film təqdimatları, moda nümayişi, incəsənət sərgisi, musiqi konsertləri, qastronomiya tədbirləri təşkil olunacaq. Həmçinin payızda dahi macar bəstəkarı və müəllim Zoltan Kodaliyə həsr olunmuş mədəni və elmi tədbirlər, eləcə də "Dahi macar" İştvan Seçenyiyə həsr olunmuş tədbir təşkil edəcəyik. 

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/sefir-macaristan-azerbaycani-nato-nun-etibarli-terefdasi-kimi-tesviq-edecek-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR