Bakının xarab eskalatorları - Kimdir günahkar? - FOTOLAR

Bakının bir çox yeraltı və yerüstü piyada keçidlərində əhalinin gediş-gəlişinin rahatlığını təmin etmək üçün quraşdırılımış eskalatorların bəzilərinin çalışmadığı yəqin ki, bir çoxlarınıza məlumdur.

Məsələn, şəhərin Rəsulzadə qəsəbəsi "Azadlıq" metro stansiyasının yanındakı yerüstü, Heydər Əliyev Sarayı ilə "Qış bulvarı"nı birləşdirən yolda yeraltı, Gənclik parkına keçən yeraltı eskalatorlar və başqaları... Yaşlıların, yaxud uşaqlı valideynlərin gediş-gəlişi üçün ciddi problem yaradan bu eskalatorların çalışmamasının səbəbi nədir? Sözügedən eskalatorlar niyə təmir olunmur, yaxud yeniləri ilə əvəz edilmir?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən ekspert Ərşad Hüseynov bildirdi ki, piyada keçidlərində eskalatorlar heç kimə lazım deyil:

“Eskalator işləməyəndə onun pilləkənlərini qalxıb-düşmək, xüsusən də sağlamlığında problemi olan, yaxud da yaşlı insanlara çətin olur. Bunu nəzərə almaq lazımdır. Məsələyə ümumi yanaşıldıqda isə, piyada keçidlərində eskalatorlar heç kimə lazım deyil. Əgər piyada evindən çıxıb küçədəki keçidə qədər piyda gələ bilirsə, o, çox rahatlıqla həmin keçiddən keçib gedə biləcək. Eskalatorun metroda, iri ticarət mərkəzlərində qoyulması məqsədəuyğundur”.

"Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə bildirdi ki, eskalatorların hissələri xaricdən gətirildiyi üçün, onlar gələnə kimi eskalatorlar işləməyəcək:

“Problemli eskalatorlarla bağlı işlər görmüşük. Onların ehtiyyat hissələri Azərbaycanda istehsal olunmur. Həmin hissələrin ölkəyə gətirilməsi də müəyyən bir müddət tələb edir. Buna görə də həmin vaxta qədər eskalatorlar işləməyəcək.

Təəssüflər olsun ki, o vaxt layihə veriləndə həmin ərazilərdəki piyada keçidlərinə eskalator qoyulmuşdu. Hazırda isə eskalatorların çıxarılıb pilləkənlərlə əvəz olunması müzakirə mövzusu deyil. Son quraşdırılan piyada keçidlərində isə eskalatorlardan istifadə olunmayıb".

Xəyalə Məmmədova

Rəvan Nasiroğlu / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR