Şəkər xəstələrinin ayaqları niyə amputasiya olunur? - Yenə həkim səhvi...

“Düzgün müalicə aparılsa, şəkərli diabet xəstəsinin ayaqlarının amputasiyasından söhbət gedə bilməz”.

Bunu Metbuat.az-a açıqlamasında endokrinoloq Səadət Fətəliyeva bildirib. O, qeyd edib ki, belə hallar daha çox səhv müalicənin nəticəsidir.

“Mədəaltı vəzdə insulin tam, ya da qismən çatışmırsa, əzələlərdə qlükoza və qlükagenə çevrilə bilmir. Toxumalar yaxşı qidalanmır, ətraflarda soyuqluq olur, orada tropik yaralar əmələ gəlir. Sonra yaralar ya sulu, ya da quru qanqrenaya çevrilir və xəstənin ayağı amputasiya olunur. Halbuki, xəstə istər antidiabetik, istərsə də insulinlə düzgün müalicə olunsa, qaraciyər və öd kisəsində durğunluq aradan qalxsa, heç bir amputasiyadan söhbət gedə bilməz”.

Həkimin sözlərinə görə, şəkərli diabet xəstələri birinci növbədə qidalanmalarına fikir verməlidir. Xəstənin qidası təbii və keyfiyyətli olmalıdır. Yemək gündə 5 dəfə az-az yeyilməlidir.

“Bəzi xəstələr həkimlə məsləhətləşmədən xolesterini azaltmaq üçün maye yağlara üz tutur və zərərli qidalardan istifadə edirlər. Əgər maddələr mübadiləsi düzgün işləsə, xəstə nə yeyir yesin, xolesterin dəyişməyəcək və amputasiyaya ehtiyac qalmayacaq”.

Səadət Fətəliyeva əlavə edib ki, şəkər xəstələri mütləq qanda turşuluğu yoxlatmalıdır. Qanda pH (turşuluq) artıbsa, ətraflarda qanqrena əmələ gəlməsinə səbəb olur. Bu zaman amputasiyadan söhbət gedə bilər.

Şəkərli diabet xəstələri daim həkim nəzarətində olmalı, dərmanları 6 aydan bir dəyişilməlidir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR