Xərçəngə qalib gəlsə də... dopinqə məğlub oldu

Xərçəngə qalib gəlsə də... dopinqə məğlub oldu
20:12 23 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Məşhur Amerika velosipedçisi Lens Armstronqun həyatı möcüzə ilə doludur. 47 yaşlı idmançı dünyanın ən nüfuzlu velosiped yarışı sayılan "Tur de Frans"ın yeddiqat qalibi olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, 12 yaşında triatlonda mübarizəyə başlayan Lens tezliklə peşəkar idmançı kimi tanınmağa başlayıb. 1992-ci ildə Barselonada keçirilən XXV Olimpiya oyunlarında 14-cü yeri tutub, bir il sonra isə dünya çempionu adını qazanıb. 1993 və 1995-ci illərdə məşhur "Tur de Frans" yarışının bir neçə mərhələsinin qalibi olub. 1996-cı ildə isə Lens ABŞ yığma komandasının liderinə çevrilərək "Kofidis" şirkəti ilə 2 milyon dollar dəyərində müqavilə imzalayıb. Lakin elə həmin il onun həkimi Armstronqun xərçəng xəstəliyinə tutulduğu, ağciyər və baş beyində metastaz yayıldığı barədə məlumat verib.

Ölümlə həyat arasında çarpışma başlayıb. "Kofidis" şirkəti onunla bağladığı müqavilədən imtina edib. Lensin üzərində şüa və kimyəvi müalicənin ən yeni üsulları tətbiq olunub. Möcüzə baş verib - velosipedçi sağalaraq yenidən sevimli idman növünə qayıdıb. Onu yenidən komandaya qəbul ediblər və bundan sonra o, "Lens Armstronqun fondu" təşkilatını yaradaraq xərçəng xəstəliyinə tutulanlara yardım göstərməyə başlayıb.

1999-cu ildən sonra yenidən sevimli idman növündə uğurları biri-birinin ardınca sıralayıb. Yeddi il dalbadal "Tur de Frans" da heç kim onunla rəqabət apara bilməyib. Həmin dövrdə onun ailə həyatında xoş hadisə baş verib: 2001-ci ilin noyabrında Lens əkiz uşaq atası olub. 2005-ci ildə o, yenidən veloyarışlardan aralı düşüb və velosiped sükanından yapışmamaq barədə qərar verib.

Buna baxmayaraq, 2008-ci il sentyabrın 9-da Lens Armstronq yenidən böyük idmana üz tutub. Sonrakı ilin yanvarında Avstraliyada keçirilən yarışlarda Qazaxıstanı təmsil edən "Astana" komandasının tərkibində yarışlara qoşulub. Elə həmin il "Tur de Frans"da üçüncü yeri tutub. 2010-cu ildə onun təmsil etdiyi komanda ümumi hesabda birinci olub. Lakin...

2012-ci ildə ABŞ-ın Dopinq Əleyhinə Agentliyi onu təkcə dopinqdən istifadə etməkdə deyil, həm də onun yayımında günahlandıraraq velosipedçinin qazandığı bütün mükafatlardan məhrum edilməsi məsələsini qaldırıb. Dünya şöhrətli Lens Armstronq karyerasını başa vuracağını bəyan edib və verdiyi müsahibələrindən birində heç nəyi gizlətmədən deyib: "Bu, bir neçə dəfə təkrarlanan böyük yalan idi. Belə bir qərar qəbul etməkdə böyük səhvə yol vermişəm." Nəticədə Armstronq qazandığı titullardan məhrum edilib.

Təəssüf ki, məşhur "Tur de Frans"ın yeddiqat qalibi və dünyanın ən yaxşı velosipedçisi kimi tanınan Lens Armstronqun karyerası belə xoşagəlməz sonluqla yekunlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/519827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR