Bakı. 24 fevral. REPORT.AZ/ Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən “Xocalı faciəsi: unudulmayan tarix və günahsız uşaqlar” adlı tədbir keçirilib.
"Report" xəbər verir ki, tədbirdə ombudsman Elmira Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Televiziya və Radio Şurasının üzvü Sona Vəliyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupun rəhbəri İsmayıl Axundov, Nazirlər Kabineti Aparatının Qaçqınların və Məcburi Köçkünlərin və Miqrasiya Problemləri üzrə Şöbəsinin müdiri Qurban Sadıqov, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, işğal olunmuş rayonların nümayəndələri iştirak ediblər.
Tədbirdə mövcud real faktları, məlumatları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, dünya birliyini Azərbaycan xalqına, eləcə də azyaşlı uşaqlara qarşı törədilmiş erməni vəhşiliyi, cinayətləri barədə bir daha məlumatlandırmaq məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır“ adlı kitabın ingilis dilinə tərcümə edilmiş versiyasının təqdimatı keçirilib. Həmçinin kitabla bağlı məlumatları özündə əks etdirən film nümayiş olunub.
Kitab müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında real faktlar və rəsmi məlumatlar əsasında hazırlanıb. Bundan başqa kitabda işğal olunmuş rayonlar haqqında qısa məlumatlar, həlak və əlil olmuş uşaqların şəkilləri, erməni vəhşiliyinin şahidi olmuş şəxslərin ifadələri, müharibəni özündə əks etdirən həyat hekayələri, uşaqların yaradıcılığında müharibəni əks etdirən rəsm əsərləri toplusu, həmçinin atəşkəs dövründə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş təxribatlar nəticəsində həlak olan və xəsarət alan uşaqların siyahısı da öz əksini tapıb.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirilib.
Foto: Firi Salim