Tbilisidə “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib

Tbilisidə “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib
14:27 24 Fevral 2017
102 Ölkə
Ölkə mətbuatı
A- A+

Tbilisi. 24 fevral. REPORT.AZ/ İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, konfransda Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, səfirliyin əməkdaşları, Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov, “SOCAR Energy Georgia” MMC-nin baş direktoru Mahir Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunun əməkdaşı Faiq İsmayılov, Azərbaycanın və Gürcüstanın QHT nümayəndələri, universitetin professor, müəllim heyəti, tələbələr iştirak ediblər.
Universitetin Qafqazşünaslıq İnstitutunun direktoru, professor Tsira Baramidze tədbiri açaraq deyib ki, tədbirin əsas məqsədi Cənubi Qafqazda baş verən prosesləri, xüsusən də Dağlıq Qarabağ, Abxaziya və Osetiyadakı münaqişəlrin baş vermə səbəblərini, acı nəticələrini müzakirə etmək, həlli yolları barədə fikir mübadiləsi aparmaqdır.
Universitetin prorektoru Mixeil Çxenqeliya münaqişələrin baş vermə səbəblərinin və acı nəticələrinin gənc nəslə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini xüsusi qeyd edib.
Konfransda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumat verib, Xocalı soyqırımının bu münaqişənin ən acı nəticələrindən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Səfir gənc nəslin Dağlıq Qarabağ, Abxaziya, Osetiya münaqişələri barədə məlumatlandırılmasının, bu faciələri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.
Azərbycan Milli Məclisinin deputatı Elman Məmmədov çıxışında Abxaziya, Osetiya və Dağlıq Qarabağ münaqişələri arasında paralellər aparıb, beynəlxalq terrorizmin acı nəticələrindən danışıb. O, bu cür cinayətlərin bir mərkəzdən idarə olunduğunu bildirib. Deputat qeyd edib ki, beynəlxalq ictimaiyyət bu cür münaqişələrə, Xocalı faciəsi kimi, qanlı cinayətlərə kəskin münasibət bildirməlidir ki, gələcəkdə bu cür hallar təkrar olunmasın.
Tarixçi alim Mamuka Areşidze çıxışında Azərbaycan və gürcü xalqlarının oxşar tarixi, Cənubi Qafqazda baş verən münaqişələrin tarixinə nəzər salıb, dost və qardaş xalqlar arasındakı birliyin əhəmiyyətindən danışıb.
Sonra konfransda “Dağlıq Qarabağ münaqişəsinin məqsədi və həlli yolları”, “Gürcü-Abxaz münaqişəsi: münaqişələrin əsas aspektləri və həlli yolları”, “Qafqazda sabitlik və tərəfdaşlıq modeli: XXI əsrin siyasi coğrafiyasında” və s mövzularda məruzələr dinlənilib.
AMEA-nın İnsan Hüquqları İnstitutunun əməkdaşı, “Abidələri mühafizə Təşkilatı” İctimai Birliyini sədri Faiq İsmayılov konfransda “Cənubi Qafqazda hərbi münaqişələrin yaranmasının səbəbləri və problemdən çıxış yolları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə və çıxışlarda dünyada və Cənubi Qafqazda baş verən münaqişələrin acı nəticələrindən bəhs olunub. Bildirilib ki, Cənubi Qafqaz hər zaman güc mərkəzilərinin diqqət mərkəzində olub. Dağlıq Qarabağa həsr olunmuş məruzələrdə qeyd olunub ki, Cənubi Qafqazda baş verən münaqişələr əsasən ermənilərin Cənubi Qafqaza köçürülməsindən sonra başlayıb. Onları bu regiona köçürdənlər regionun daim gərginlik altında saxlamağa çalışıblar. Bu gün postsovet məkanında baş verən 8 münaqişədən 3-ü məhz Cənubi Qafqazdadır. Bu bir daha Cənubi Qafqaz regionunun əhəmiyyətini göstərir.
Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, Cənubi Qafqazda təhlükəsizlik təkcə bu region üçün deyil, bütövlükdə Avropa üçün vacibdir.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/tbiliside-abxaziya-osetiya-dagliq-qarabag-munaqiseleri-ve-perspektiv-helli-yollari-movzusunda-k

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR