Goranboyda direktor ŞOUSU: kənd bir-birinə dəydi, 8 müəllim...

Goranboyda direktor ŞOUSU: kənd bir-birinə dəydi, 8 müəllim...
16:43 24 Fevral 2017
140 Ölkə
Ölkə mətbuatı
A- A+

Goranboy rayon Nizami kənd orta məktəbinə yeni təyin olunan müvəqqəti direktor müəllimlərin dərs saatlarını azaldıb.

Bunu Publika.az-a müraciət edən məktəbin tarix müəllimi Səbinə Tağıyeva deyib.

Onun sözlərinə görə, ötən il noyabr ayından direktoru əvəz edən Alpout kəndindən olan Mədət Qurbanlı məktəbə gələndən bir sıra problemlər yaranıb: “Ötən ildən məktəbimizdə direktor vəzifəsi boşdur. Bu müddət ərzində 6 direktor təyin edilib. Sonuncu təyin olunan direktor Mədət Qurbanlı öz istəyinə uyğun olaraq məktəbdə dəyişikliklər edir. Belə ki, məktəbimizdə sinif çatışmazlığı olduğundan dərslər iki növbəli keçilirdi. Yeni direktor isə emalatxananı və katibənin otağını ləğv edib, onları sinif etdi. Beləliklə siniflərin sayını artırdı. Hamı bir növbədə dərs keçdi. Bu da məktəbdə seçmə fənlərin tədrisinə təsir göstərib. Çünki məktəbdə 12 sinif otağı var. Bu da seçmə fənləri keçmək üçün sinif çatışmazlığına səbəb olub. Seçmə fənlərlə bağlı tələbə görə, siniflər bölünməli şagirdlərə ayrı siniflərdə dərs keçilməlidir. Şagirdlər hansı fənnin daha çox tədris edilməsini seçirdilər. Ona uyğun da məktəbdə siniflər həmin dərslərdə bölünürdü. Əgər seçmə fənn 10-cu sinifdə tədris edilibsə, 11-ci sinifdə də varislik saxlanılmalıdır. İkinci yarımildən bu dəyişikliyin edilməsini qanunsuzluqdur. Direktorun bu addımı atmasında əsas səbəb öz kəndindəki dərslərini də rahatlıqla keçə bilməsidir. Düzdür, indi Alpoutda dərslərinin olmadığını deyir, amma yeganə məqsədi öz rahatlığıdır”.

S.Tağıyeva deyir ki, direktorun bu addımından sonra yaranan sinif çatışmazlığı 8 fənn müəllimini üz-üzə qoyub: “Sırf məktəb bir növbəli olsun deyə direktor 15 saat dərsi ləğv etdi. Heç bir müəllim dərs saatının azalmasını istəmir, çünki birbaşa maaşın azalması deməkdir. Hər kəs seçmə fənn kimi öz fənninin saxlanmasını istəyir. Ona görə də 8 fənn üzrə müəllimlər üz-üzə qalıb, hamı öz fənninin saxlanmasını tələb edir. Bu şikayətlər təkcə mənim fikrim deyil, müəllimlər hamısı narazıdır.

Bu barədə Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət etdik. Onlar da məsələnin araşdırılmasını Təhsil şöbəsinə tapşırdılar. Şöbənin əməkdaşları bizimlə görüşündə seçmə fənlərin tədrisinin vacib olduğunu, məktəbin təkrar iki növbəli sistemə keçməli olduğunu dedilər. Lakin direktorla görüşdən sonra fikirlər dəyişdi. İndi məktəbin bir növbədə saxlanması barədə qərar verilib. Halbuki, sinif otaqlarının sayı normal olsa, məktəb seçmə fənnin tədrisi ilə bağlı bütün tələblərə cavab verir. Hər sinifdə şagirdlərin sayı minimum 18 olmalıdır ki, bizdə də ondan aşağı deyil”.

Müəllim deyir ki, məktəbə yeni direktorun təyin edilməsi aprel ayında gözləniləndir.

Məsələ ilə bağlı gün ərzində dəfələrlə Goranboy rayon Təhsil Şöbəsi ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı.

Müəllimlərin şikayətini biz də bir daha Təhsil Nazirliyinə ünvanladıq. Təkrar araşdırmadan sonra nəticə barədə məlumat verəcəyik.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/bilik/189175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR