Mövsümi allergiyası olanlar, ehtiyatlı olun! - Yaz gəlir - HƏKİM MƏSLƏHƏTİ

“Allergik xəstəliklər ilin bütün fəsillərində baş verə bilər, buna səbəb bəzən, ev tozu gənələridir. Lakin bəzi mövsümi allergiyalar adından da göründüyü kimi mövsümi olduğu üçün əsasən, yaz və payız aylarında özünü daha qabarıq göstərir”.

Bunu Metbuat.az-a açıqlamasında həkim-allerqoloq Günel Əzəmmədova bildirib.

“Mövsümi allergiyalar zamanı dəridən başlayaraq, üst tənəffüs yollarında və ağciyərdə problemlər baş verir.

Xüsusilə, polen allergiyası zamanı dəridə quruluq olur. Əsasən, xəstələrdə burun tutulması, qaşınma, burun axması (şəffaf axma) kimi şikayətlər olur ki, buna allergik rinit deyilir. Gözlərdə isə qızartı, sulanma, qaşınma olur, buna da allergik konyuksivit deyilir.

Həkimin sözlərinə görə, allergiyadan əziyyət çəkən insanlar yeni mövsüm başlamazdan əvvəl, mütləq həkim müayinəsindən keçməlidir.

“Tibbin verdiyi imkanlarla, xəstələrdə ağırlaşmanın qarşısını almaq mümkündür. Xəstənin həssas olduğu allergen getdikcə artan dozada bədənə yeridilir və ya ağıza damızdırılır".

Günel Əzəmmədova əlavə edib ki, mövsümi allergiyadan əziyyət çəkən xəstələr həkimin deyəcəyi bəzi qidaları menyusundan çıxartmalı, çöldə gəzərkən papaq, gözlük istifadə etməli, evə girərkən paltarlarını dəyişməli, ən azı gündə bir dəfə duş qəbul etməlidirlər, çünki allergenlər saça yapışır. Avtomobillərdə və evdə pəncərəni bağlamağı unutmamalıdırlar. Evdə kondisionerdən istifadə etmək olar, bir şərtlə ki, kondisionerin filteri on gündən bir dəyişilsin.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR