İİTKM sədri: “Azərbaycana investisiya qoymaq istəyən sahibkarın ölkəyə gəlməsinə ehtiyac yoxdur”

İİTKM sədri: “Azərbaycana investisiya qoymaq istəyən sahibkarın ölkəyə gəlməsinə ehtiyac yoxdur”
19:47 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ "Qarşıdakı 4 ay ərzində biz rəqəmsal ticarət qovşağının hazırlanması ilə məşğul olacağıq."
"Report" xəbər verir ki, bunu "Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanını şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı deyib.
Mərkəz rəsmisi yeni fərmandan irəli gələn tapşırıqların yerinə yetirilməsinin sahibkarların fəaliyyətinə müsbət təsir edəcəyini deyib: "Fərmanda əsas iki istiqamət nəzərdə tutulub. Onlardan birincisi Azərbaycandan ixracla bağlı vahid pəncərənin yaradılması məsələsidir. Təsəvvür edin ki, sahibkarın ixrac etmək istədiyi məhsul hazırdır və onlar Rəqəmsal İxrac Qovşağına müraciət etməklə bütün bu prosedurların daha asan şəkildə keçə biləcəklər. Biz Rəqəmsal İxrac Qovşağı olaraq sahibkarların həm fitosanitar, həm baytar, həm mənşə, həm də uyğunluq sertifikatlarının alınmasını və digər tələb olunan sənədləri onlayn qaydada təmin edəcəyik. Bütün bu sənədlər toplanandan sonra müvafiq qaydada gömrük bəyannaməsinin doldurulması üçün də müvafiq qaydada xidmətlər göstərəcəyik".
İcraçı direktor azexport.az saytı vasitəsi ilə göstəriləcək bu xidmətlər sahibkarların daha az vaxt itirməsinə səbəb olacağını deyib: “Fərmanda ikinci istiqamət isə elektron imzaların tanınması ilə bağlı məsələdir. Belə ki, BMT-nin də bu istiqamətdə müvafiq konvensiyası var. Azərbaycan Rəqəmsal İxrac Qovşağı üzərindən elektron imzaların tanınması üçün fəaliyyətə başlayır. Biz “Asan Xidmət”, Azərbaycan Xarici işlər Nazirliyi və başqa müvafiq qurumlarla birlikdə elektron imzaları daha asan, daha şəffaf şəkildə təmin etməyə başlayacağıq. Bu Azərbaycan sahibkarları ilə iş qurmaq istəyən xarici investorların daha asan şəkildə Azərbaycana sərmayə yatırmasına şərait yaradacaq. Artıq Azərbaycana investisiya yatırmaq istəyən sahibkarın ölkəyə gəlməsinə ehtiyac yoxdur”.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/i-i-tkm-sedri-azerbaycana-investisiya-qoymaq-isteyen-sahibkarin-olkeye-gelmesine-ehtiyac-yoxdur

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR