​Raqif Raufoğlu: Orxan Fikrətoğlu mənə dedi ki, “səni gördüm, özümə şükür etdim” – MÜSAHİBƏ

“106.3 FM”-in sevilən aparıcısı, şair, yazıçı, mənim isə 16 illik dostum Raqif Raufoğlu ilə həmişə olduğu kimi şahmat taxtası arxasında söhbətləşməyə başladıq. Bu dəfəki söhbəti Metbuat.az saytının oxucularına görə ayarladım. Veriləcək cavabların çoxu mənə əvvəlcədən bəlli olsa da, sürpriz cavablar da aldım. Raqif oyuna başlamazdan əvvəl ilk “gedişini” etdi. Əlini şahmat taxtasına uzadıb, mənim xanamda yerləri dəyişik düşən şahla vəzirin yerini dəyişdi. İlk sual da burdan doğdu...

- Raqif, sən həm yazarsan, bir çox bədii əsərlərin, şeirlərin və tərcümələrin müəllifisən. Bir yandan da bu radio aparıcılığı “Bumeranq” və “106.3-ün dairəsi”. Bu ikili işdən hansı şah, hansı vəzirdir?

- Bunları heç vaxt bir taxtaya qoya bilmərəm. Ona görə də, hansının “şah”, hansının “vəzir” olduğunu deyə bilmərəm. Bu işlər məndən tamam ayrı-ayrı xarakter tələb edir. Yəni, mən yazıda başqa, radioda tamam başqa auditoriyaya müraciət edirəm. Əminəm ki, məni ədəbiyyatda tanıyanların çoxu radiodakı Raqifin yazar Raqiflə eyni adam olduğunu bilmir, ya da əksinə…

- Belə çıxır ki, həyatla da oyun oynayırsan? Bu rolların hansı əsl Raqifdir?

- Yox, heç birində qeyri-səmimi deyiləm. Olsam, dərhal bilinər. Amma yenə də əsl içimdən gələn ədəbiyyatdır. Ən böyük arzum - nə vaxtsa tənhalığa çəkilib yaradıcılıqla məşğul olmaqdır. Radionun səs-küyü mənə çox mane olur, amma işimi də qeyri-peşəkar görə bilmərəm.

- Bəs verilişlərədən hansı sənə daha doğmadır? “Bumeranq”, yoxsa “106.3 ün dairəsi”?

- Bax, indi deyəcəksən ki, sənin neçə üzün var? Burada da bir-birinə heç aidiyyəti olmayan formatlardır. “Bumeranq”ın missiyası - informasiya vermək, səhər-səhər yaxşı pozitiv əhval yaratmaqdir. “106.3-ün dairəsi” isə daha ağır verilişdir. Avtomobillərin problemlərindən danışıb, bu sahədə insanları məlumatlandırmaqdır. Veriliş olaraq, mənə “106.3-ün dairəsi” daha doğmadır, çünki bu layihənin təkcə aparıcısı yox, həm də müəllifiyəm.

- “Bumeranq” verlişini bu mövsümdən etibarən Mətanət Əliveridyeva və Aytən Səfərova ilə aparırsan. Düzü, verilişi çox zaman dinləyirəm. Aparıcılıq sarıdan onlardan geri qalmırsan. Amma dəvət edəndə, onların təcrübəsindən qorxmadın - ikinci plana düşməkdən?


- Deyəsən, bizim üçümüzdən başqa hamını bu sual maraqlandırıb. Çünki danışdıqca, eşidirik ki, onlara da mənim haqqımda nələrsə deyiblər, mənə də onlar haqqında. Qəribədir ki, “ANS”də bir neçə aparıcı var idi ki, onlarla işləmək istəyirdim, amma deyirdim, necə olur olsun, məkan ora olmasın. Oradan birinci Orxan Fikrətoğlunu tanıdım. Əsl arzuladığım kimi oldu. Mən ora getmədim, o ATV-yə gəldi. Bərabər çalışdıq və mən özümü o tərəfdən də sübut etdim. Bir gün Orxan müəllim dedi ki, “Raqif, elə bilirdim, məndən təhlükəli adam yoxdur, səni gördüm, özümə şükür etdim”. Onda bildim ki, daha mənə zaval yoxdur. Zarafat bir yana - Aytən də, Mətanət də kifayət qədər peşəkar və vicdanlı insanlardır. Sadəcə kim necədirsə, elə də qarşılıq görür. Onlardan qorxanlar, yəqin, özləri nədəsə səhv ediblər ki, qarşıdakı gözlərinə dəhşətli görünüb.

- Bəs Elvira? “Bumeranq”ı əvvəl onunla aparırdın. Sonra nə oldu ki, belə qərara gəldin? Elvira “106 FM”-ə getdi, sən isə Meşədi İbad demi
şkən, “bir xanım o yanda, bir xanım bu yanda”?



- Elvira mənə tamam əks xarakterli aparıcıdır. Məndə nə varsa, onda yoxdur, onda da nə varsa, məndə yoxdur. Bu, çox vaxt bizim özümüzü də qıcıqlandırırdı, amma dinləyici zövq alırdı. Ziddiyyət yaxşıdır, maraqlıdır, amma iş orasındadır ki, özümüzə çox çətin idi. Və ən əsası o format artıq yeyilmirdi. Kim nə deyir desin, mən özümə kənardan baxan adamam və görürdüm ki, dinləyicini yoruruq. Vaxtında dayandırmaq daha yaxşıdır. İndi isə Bumeranqda komanda çalışır. Aynur kimi əjdaha redaktoru, produseri var. Hər gün özümüz də nəsə öyrənirik. Xanımları da onun “acığına” iki elədim.


Göz dəyməsin, əlini qoyduğun işi bacarırsan. Elə “106.3-ün dairəsi”ndə də ustadan çox özün cavab verirsən? Gələcəkdə usta işləmək fikrin yoxdu ki?.. (zarafat)

- Yox, bu nəzəri tərəfidir. O qədər oxşar suallar olub ki, daha əzbərləmişəm. Baxmayaraq ki, mənə deyirlər, “öz avtoservisini aç, hamı sənə inanır, partladarsan bazarı”.

- 10 ilə yaxındır ki, ATV-də çalışırsan. Bu şirkət sənin üçün sadəcə iş yeridir?

- ATV yeganə yerdir ki, mən burada uzun müddət qərar tuta bilmişəm. Əslində, xasiyyətcə də tez bezənəm. Bu mənada demək ki, buranın sehri hələ itməyib və kiməsə deyəndə də inanmır ki, bura kənardan göründüyü kimi deyil.

- Şahmatdan bilirəm ki, hər dəfə uduzanda çox əsəbləşirsən. Bəs həyatda necə, hansısa bir iş alınmayanda əsəbləşib üsyan edirsən, yoxsa "taleyin qismətidir"- deyib barışırsan?

- Yox, şahmatda uduzanda çox əsəbiləşmirəm. Sadəcə qarşımdakı insanın zəif oldugunu bilə-bilə uduzanda, çox əsəbiləşirəm. Məsələn, sən! (gülür)

Həyatda çox prinsipial adamam. Allahın qismətinə inanan adamam. Belə deyim, nəsə alınmayanda onun ilahi ədalətlə bağlı tərəfini, Allahla bağlı izahını tapa biləndə, qəbul edirəm. Tapa bilməyənədə isə, axırına qədər gedirəm. Bu, əleyhimə işləsə də…

- Şair, aparıcı, yazıçı Raqif həm də iki uşaq atasıdır. Ailəyə nə qədər vaxt ayıra bilərsən?

Mənim üçün axşam 6-dan sonra ikinci növbə başlayır. Ailə, uşaqla bağlı növbə. Etiraf edim ki, indiki halda çox çətindir, amma bu şirin çətinlikdir. Həm də bilirəm ki, müvəqqətidir. Uşaqlar çox kiçik olduğu üçün belədir. İnşallah sonra hər şey qaydasına düşəcək.

- "Ailə yaradıcı insana mane olur " fikri ilə razısan?

- Yaradıcılığa mane olmur, birbaşa məhv edir. Amma bu, sənə əsas verməməlidir ki, ailədən qaçasan. Bu məsələ mənim üçün hər şeydən əvvəl kişilik məsələsədir. Uşaq vaxtı məhəllədə belə söhbətlər olurdu. “Kişiliyin çatmır?” Ailəni başqa nədənsə aşağı tutan adamın sadəcə kişiliyi çatmır buna.

- İnsan doğulandan ölmə doğru sürətlə yol gedir. O yolda qazanclı çıxanlar hədəfi olub və ona görə çalışanlardır. Bilirəm ki, sənin hədəfin "işləyim, pulum olsun yaşayım sonra da ölüm" deyil. Bəs əsl hədəf nədir?

- Mənim üçün əsas yaradıcılıqdır. Məncə, bunun üçün doğulmuşam və nəsə ciddi bir yazı ortaya qoymadan ölsəm, deməli, uğursuz insan olmuşam. Bu çox uzun cavab tələb edən sualdır. Məncə, hər insanın ciddi missiyası olmalıdır. Bunu sənə ya verməlidirlər, ya da özün almalısan və ya təşkil etməlisən. Bu missiya nəsildən nəsilə ötürlməlidir.

- Yeni mövsümdə başqa layihələr olacaq?

- Ağlımda yeni layihələr var, sadəcə bu gün maksimum yükləndiyim üçün istəsəm də, təzə nəsə etmək olmur. Gərək heç olmazsa, “Bumeranq”la vidalaşım ki, onu başqa layihə ilə əvəz edim.

Bahadur Qobustan


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı