“Uşaqlar analarının belində donub ölürdü...” - Xocalı dəhşətləri onların öz dilindən - VİDEO

Bu gün Xocalı soyqırımından 25 il ötür.

25 il əslində uzun müddət görünsə də, Xocalı faciəsini yaşayan insanlar üçün bu, elə də uzun zaman sayılmaz. Bu insanların yaşadığı dəhşətləri, müsibətləri, işgəncələri bilmək üçün söhbət etmək belə kifayət edir. Ancaq heç kim o ağrını, acını, dəhşəti onlar qədər hiss edə bilməz.

Bu faciənin anım günündə Xocalının ən yaxşlı sakinlərindən olan Abbasovlar ailəsinin qonağı olduq. Bütün bu dəhşəti, əzabı, işgəncələri onların öz dilindən eşitdik və yazdıq.
Abbasov Qədim Məmmədyar oğlu Xocalı faciəsini öz gözləri ilə görən, yaşayan biridir. 74 yaşlı Qədim dayı həmin gecə bir çox yaxınlarını itirdi, əsir düşdü, işgəncələr gördü. Amma onun üçün ən ağrılı olanı qızının həmin gecə şəhid olmasıdır:

“Xocalı faciəsi zamanı 52 yaşındaydım. 25-cü ili tamam olsa da, elə bir gün nədi, elə bir an yoxdu ki, o hadisələri xatırlamayaq. O zamanlar mən könüllü dəstədə özünümüdafiə batalyonunda idim. Məlum məsələdi ki, o vaxt 366-cı motoalay Xocalını verdi ermənilərə ki, camaatı qırsın. Xocalıda hücum gecəsi poçt adlanan yerdə yığışmışdıq kişilərlə. O vaxt raykom katibi Elman müəllim var idi, onun başına yığışdıq ki, nə edək, necə edək ki, bir yol tapaq, camaat öldürülməsin. 25-dən 26-na keçən gecə saat 2-də tanklar hər tərəfdən Xocalıya girdi. Həmin gecə güllənin işığışdan bəlkə yerdə iynə də tapılardı.

Hamı evlərindən çıxıb, baş götürüb, hara gəldi qaçmağa başladı. Uşaq, böyük, yaşlı fərqi yoxdu, hamı qarışmışdı bir-birinə. Təsəvvür edin bir qar yağmışdı ki, dizə çatırdı. Amma o soyuğa, borana baxmayaraq, məcbur olub qaçdıq meşələrə. Hamı öz hayında idi, heç kim bir-birindən xəbər tuta bilmirdi. Tanklar adamların üstündən keçirdi.

Qaçanların bir hissəsi Ağdamın Gülablı sanatoriyasına tərəf getdi. Düşünürdük ki, bəlkə bu yolnan getsək salamat çıxa bilərik. Qalan hissə isə Əsgəran tərəfə üz tutdu. O vaxt Xocalı ilə Əsgəran arasında post qurulmuşdu. O postdan ermənilər pusquda durmuşdular ki, ordan keçən camaatı öldürsünlər. O gecə Xocalıda 613 nəfər yox, 1000-dən çox adam həlak oldu.
Bir dağdan o birinə çatanda hava işıqlaşırdı artıq. Tətik kəndi var, dağın başında idi. Orda ermənilərin pusqusuna düşdük yenə. Nə qədər adam öldü, nə qədər adam yaralandı. Bizi Dəhrəz kəndində 152 nəfərin içindən əsir götürdülər. Ermənilər 19 nəfəri seçib götürdü ki, “sizi aparırıq öz əsirlərimizlə dəyişməyə”. Mən, qardaşım, qardaşım oğlu da o sırada idik. Bizi təzədən Xocalıya gətirdilər.

Xocalıya girəndə yanacaqdoldurma məntəqəsi var idi. Gördük camaatı yığıblar, əllərin bağlayıblar, yaralılar da var idi içərisində. Benzin töküb onları yandırırdılar. Sonra bizi apardılar Xankəndinə. Orada 48 gün bizə dəhşətli işgəncələr verdilər. Qardaşımı 20 gün sonra apardılar öldürməyə. Amma öldürməmişdilər, elə ölü halında atmışdılar Əsgəranla Ağdamın arasında bir yerə. Sonra bir qohumumuz onu həmin yerdə tapmışdı. Vəziyyəti çox ağır idi, amma ölməmişdi. Aparmışdılar Mingəçevir xəstəxanasına. Çox yaşamadı o qardaşım. Ona məndən də çox işgəncə vermişdilər, bədənində sağ yer qalmamışdı.

48 gündən sonra Qızıl Aypara Cəmiyyətindən gəlib dedilər ki, kiminsə qardaşı varsa desin sizi ordakı əsirlərlə dəyişək. Mənim rəhmətlik qardaşım o vaxt Xocalının prokuroru Atakişi Atakişiyevin köməkliyi ilə həbsxanadakı ermənilərdən birini gətirdilər və məni onunla dəyişdirdilər. Amma elə vəziyyətə salmışdılar ki, bircə quru nəfəsim qalmışdı”.

Qədim dayı yaşadığı işgəncələri yaşadıqca gözləri dolurdu. Ona bu haqda danışmaq, bizə isə dinləmək çox çətin idi...

“Dünyada belə işgəncə görülməmişdi. İstəmirəm o haqda danışmaq, çox ağır işgənclər idi. Ağacla, dubinka ilə dayanmadan döyürdülər. Kimin qızıl, metal dişləri var idisə mismarla əyib çıxarırdılar ağzından. Üzümüzdə insan sifəti qalmamışdı. Damağımı elə vəziyyətə salmışdılar ki, həkimlər hələ də müalicə edib düzəldə, diş qoya bilmirlər. Ağzımnan 16 dənə qızıl dişi elə işgəncə ilə çıxarmışdılar. Tək mənim yox, elə ordakıların hamısına eyni işgəncələr verilirdi.


10 gün su belə vermirdilər. Deyirdik ki, heç olmasa icazə verin yağan qardan ağzımıza vuraq, susuzluğumuz keçsin. Deyirdilər olmaz, elə bizim istədiyimiz odu ki, hamınız öləsiniz. 10 gündən sonra hər gün ölçüb hamıya, aliminum stəkanlarda 100 qram su verirdilər. Nə qədər adam orda işgəncələrə dözə bilməyib öldü. Hələ də bilmirəm onların meyiti geri qaytarıldı, ya yox. Ölən şəhidlərimizi, Xocalıda yaşadığımız günləri, işgəncələri yadımıza salanda qalan hər şey unudulur. Həyatımız boyunca görmədiyimiz zülmü, dəhşəti yaşadıq. 74 yaşında olsam da hələ də heç nəyi yadımdan çıxara bilməmişəm, heç çıxarda da bilmərəm”.

Qədim dayı həmin gecə yenicə ailə quran, həyatı hələ qarşıda olan 19 yaşlı qızını itirir...

“Həyat yoldaşım digər qadınlarla birgə qaçmışdılar. Həmin gecə təkcə bizim nəsildən 13 nəfər adam şəhid oldu. 5 uşağım var, 3 qızım, 2 oğlum. O vaxt qızlarımın hamısı ailə qurmuşdu. Bir qızım Mingəçevirdə idi ailə qurandan sonra. Bir qızımı körpə uşağıyla birgə məcburi hərbi vertalyotla yola salmışdıq Xocalıdan. Amma qızımın biri qaldı, onu çıxara bilmədik. 19 yaşı var idi. Universitetə girmişdi, girəndən bir müddət sonra nişanlandı. Heç bir ay keçmədi ki, ailə qurdu. Cəmi 6 ay idi ailə qurmuşdu. Həmin gecə o qızım şəhid oldu. Oğlanlarım isə balaca idilər. Onlar da vertolyotla getmişdilər Ağdama, oradan da Goranboya o biri qardaşımın yanına”.

Həmin gecə dəhşəti yaşayan 64 yaşlı Abbasova Mələk Allahverdi qızı Qədim dayının ömür-gün yoldaşıdır. Xocalı faciəsi olan zaman 40 yaşım var idi. Həmin gecə qaçanda 10 yerdən bizi topa tutdular. Yer qazmışdıq, orda gizlənmişdik. Xəbər gəldi ki, ermənilər hər tərəfdən giriblər Xocalıya.

Eşitdik ki, ev-ev girib hamını öldürürlər. Həmin o qazdığımız yerdən çıxıb qaçdıq. Heç bilmirdik hara gedək. Yola çıxanda o qədər top, güllə atılırdı ki, hər yer işıqlıq idi. Amma buna baxmayaraq, ana balanı itirmişdi, bala ananı, ər-arvadı... Bircə elə qaçırdıq heç nə bilmədən.

Təzə ailə quran qızım da yanımda idi, əlimdən tutmuşdu. Birdən necə top atıldısa baxdım ki, qızım yanımda yoxdu. Hamı qarışıb bir-birinə., tapmaq olmur heç kimi. Qızım da yoldaşının əmisinin ailəsin görüb onlara qoşulub qaçıb. Hamı qışqıra-qışqıra balasın çağırırdı, səs-küydən qulaq tutulurdu. Həm güllə səsi, həm adamların səsi. Neçə dəfə atəşə tutulduq. Bu atışmalarda nə qədər adam öldü. Ata, ana, belinə bağladığı uşaq, hərəkət etmirdi deyə donub ölürdülər. Həmin gecə nə qədər uşaq elə donub öldü. Qadınlar idik ancaq, yanımızda bircə kişi var idi. Deyirdi ki, bu yolu bilirəm, Gülablıya çıxır, qorxmayın gəlin. Hər dəfə qaçanda baxırdıq ki, yanımızdan nə qədər adam yoxa çıxır, bilirdik ki, o vurulub qalıb. Elə-elə gəlib çıxdıq Gülablıya.


Qızım əmisinin ailəsi ilə birgə qaçırdı məni itirəndən sonra. Onların hamısın birlikdə öldürüblər. Qızımın yoldaşının əmisigil bütün ailənin məhv olduğu 8 ailədən biridir. Hamısının cənazəsi Ağcabədiyə gətirilib, orada da basdırılıb. Ana və ata tez-tez övladlarının məzarı üzərinə gedirlər”.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıda soyqırım hadisəsi törədilib. Rəsmi məlumatlara görə, 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Günay Məryəm


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR