613 nəfər öldürülüb, 150 nəfərin taleyi hələ də məlum deyil

25 il öncə qədim Azərbaycan torpağı olan Xocalı yerlə-yeksan edildi. Qədim kurqanları, dik daşları, tunc və dəmir dövrünə aid tarixi abidələri, 1 şəhər, 1 qəsəbə, 8 kənd, 2495 yaşayış evi, 31 sənaye obyekti, 15 kənd təsərrüfatı obyekti, 20 təhsil, 14 səhiyyə müəssisəsi, 56 mədəniyyət, 5 rabitə obyekti və s. darmadağın oldu. Tariximizə qara hərflərlə yazıldı 26 fevral 1992-ci il.

25 illik bir ömür payı ayırır bizi Xocalı faciəsindən. Bu uzun zaman kəsimi çox şeyə məlhəm olsa da, yaddaşımıza qanla yazılmış Xocalı soyqırımının ağrılarını bizdən götürə bilmədi. Çünki bu, sağalmaz, dəhşətli yaralardır. Təkcə XX əsrin əvvəllərində Xocalı dəfələrlə erməni təcavüzünə məruz qalmış, yandırılmış, talan edilmiş, dağıdılmış, fəqət ayağa qalxaraq düşməndən qisasını almış, yenidən bərpa olunmuş və yaşamışdı. Amma tarix Xocalını daha bir qanlı faciə ilə sınağa çəkməyə hazırlaşırmış. Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndidəki 366-cı motoatıcı alayı ilə birgə törətdikləri cinayət bəşər tarixinin ən qanlı səhifələrindən biridir. Bu soyqırımı zamanı 613 nəfər öldürülüb, 487 nəfər şikəst edilib, 1275 qoca, uşaq, qadın əsir götürülərək ağlasığmaz təhqirlərə məruz qalıb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Xocalıda öldürülən 613 nəfərdən 106-sı qadın, 63-ü uşaq, 70-i qoca idi. Səkkiz ailə bütövlükdə məhv edilib, 245 uşaq hər iki valideynini, 224 uşaq isə valideynlərindən birini itirib. İşğal zamanı bir gecədə qətlə yetirilən 63 uşağın başı kəsilib, gözləri çıxarılıb, dərisi soyulub, süngüyə taxılıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR