DİQQƏT! Azərbaycanda səfərbərliklə bağlı - ÖNƏMLİ MƏLUMAT

Ölkəmizdə səfərbərlik hazırlığı və səfərbərlik, hərbi hissələrə təhkim edilmə, səfərbərlik üzrə toplanışlar keçmək “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunlarına əsasən tənzimlənir.

Metbuat.az xəbər verir ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən, səfərbərliyin elan olunması barədə Azərbaycan Respublikası Prezidentinin qərarı dərhal kütləvi informasiya vasitələri ilə, bu mümkün olmadıqda isə başqa üsullarla yayılır.

Mövcud qanunvericiliyin tələblərinə əsasən, bütün çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyata alınması, ehtiyat resursların (insan və nəqliyyat) dəqiqləşdirilməsi və yoxlanılması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəzifəsidir.

Azərbaycan Respublikasında səfərbərlik elan olunarsa, bu barədə kütləvi informasiya vasitələrinə məlumat verilir və ehtiyatda olan hərbi vəzifəlilər səfərbərlik zamanı və müharibə dövrü üçün öz təyinatlarını müəyyən etmək məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə çağırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR