Xocalı qurbanlarının xatirəsi Bostonda anılıb - FOTO

Xocalı qurbanlarının xatirəsi Bostonda anılıb - FOTO
08:22 27 Fevral 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Fevralın 25-də Boston şəhərində Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin yaxından dəstəyi ilə Xocalı qətliamının 25-ci ildönümünə həsr olunmuş toplantı təşkil edilib. Toplantıya Azərbaycan və Türk icmalarının təmsilçiləri və eləcə də yerli ictimaiyyətin nümayəndələri qatılıblar. İştirakçılar arasında Türkiyə Respublikasının Bostondakı Baş konsulu Ömür Budak da olub.

Milli.Az bildirir ki, ilk əvvəl, Harvard Universitetinin Kennedi adına Hökumət Məktəbində təhsil alan Fəxrəddin İsmayılov toplantı iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonlarda ölkəmizin üzləşdiyi təcavüz və işğal haqqında məlumat verib və bu kontekstdə, erməni hərbi birləşmələri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş bəşəriyyət əleyhinə cinayət olan Xocalı qətliamından söz açıb. Xocalı sakinlərinin məruz qaldıqları iztirablar iştirakçıların diqqətinə çatdırılıb və dinc sakinlərin qanına qəltan edildiyi bu dəhşətli faciənin 25 il sonra hələ də beynəlxalq səviyyədə öz ədalət mühakiməsini gözlədiyi qeyd edilib. Azərbaycanın bu istiqamətdə apardığı ədalətli mübarizəyə göstərilə biləcək hər bir dəstəyin böyük önəm daşıdığı vurğulanıb.

Bu təqdimatın ardınca tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra çıxış edən Türkiyənin Boston Baş konsulu Ömüt Budak Azərbaycan xalqına qarşı Xocalıda xüsusi qəddarlıqla həyata keçirilən vəhşilikləri xatırladaraq, onları qətiyyətlə qınayıb. Ömür Budak xalqımızın ağrılarına şərik çıxmış və hüznümüzü bölüşdüyünü ifadə edib. O, ölkəsinin Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səsləndirdiyi "Bir millət, iki dövlət" devizinin ruhuna sadiq olaraq, haqq mübarizəmizdə hər zaman xalqımızın yanında olduğunu bəyan edib. Baş konsul Azərbaycan torpaqlarının işğalına dərhal son qoyulması və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllindən yana danışıb.

Çıxışların ardınca iştirakçılara Xocalı qətliamından bəhs edən "Sonsuz Dəhliz" ("Endless corridor") müstəqil filmi nümayiş etdirilib və bu film böyük maraqla qarşılanıb. Qeyd edək ki, sözügedən filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmiş və hər il dünyanın müxtəlif yerlərində təbliğat-təşviqat tədbirlərini keçirən "Xocalıya ədalət" kampaniyası çərçivəsində və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə təşkil edilib.

Tanınmış prodüser Aleksandras Brokas və Cerald Rafşun tərəfindən çəkilən bu film Xocalı dəhşətlərinin şahidi olan iki xarici jurnalistin faciədən 20 il sonra yenidən Azərbaycana səfər edərək qətliamdan xilas olan hadisə şahidləri ilə görüşməsi və onların bölüşdüyü xatirələr, eləcə də Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak edən şəxslərlə müsahibələri əsasında qurulub.

Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/521459.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR