İlhaməsiz bir il, şou biznesdə "baldır həftəsi", Təranə Qumralın qısa ətəyi və Roberto Karlos - HƏFTƏBECƏR

İlhaməsiz bir il, şou biznesdə "baldır həftəsi", Təranə Qumralın qısa ətəyi və Roberto Karlos - HƏFTƏBECƏR
09:17 27 Fevral 2017
195 Şou
Ölkə mətbuatı
A- A+

Milli.Az jurnalist İntiqam Valehoğlunun müəllif layihəsi olan "Həftəbecər"i (15-ci say) təqdim edir.

Ötən həftə mərhum xalq artisit İlhamə Quliyevanın il mərasimiydi. Mərasimdə iştirak edən biri kimi deyə bilərəm ki, nəinki şou, hətta ciddi sənət aləmində də dostluq, yoldaşlıq yoxdur və bu barədə danışılanlar sabun köpüyüdür.

Bu aralar Flora Kərimova yenidən qalmaqallarla gündəmdədir. Sənətkar bu dəfə Aygün Kazımovayla nəyisə bölə bilmir. Bircə şeyə TƏƏSSÜF. Flora xanımın dağ boyda sənətinə...

Əməkdar artist Cavanşir Məmmədov deyib ki, yaxşı müğənninin əlavə biznesi olmaz. Yəni, sənətkar sənətiylə dolanar. Yaxşı fikirdi. Bəs maraqlıdır, sənəti olmayan sənətciklər nə ilə dolanmalıdırlar? Bəs sponsorlar nə işə baxır? 

ATV-nin aparıcıları Afaq GəncəliNərgiz Vahabqızı bir tədbirdə kameralar qarşısına keçiblər. Buddan, baldırdan göstər ki, göstərəsən. Fotoqraf da şaq-şuq, çık-çırık. Yüz faiz Təranə Qumrala yanmışlıq verirlər ki, bax, sənin bir budundan bizim iki budumuz çıxar.

Belə xəbərlərin çoxluğunu nəzərə alıb, qarşıdakı həftəni şou aləmində "baldır həftəsi" elan edirəm. Kimin belənçik fotosu varsa, paylaşsın. 

Qonşumuzda bir səydərəş oğlan var. O gün görürəm ki, idmana gedir. Deyirəm, gündə iki qutu siqaret çəkirdin, bəs bu idman hardan çıxdı? Deyir, xəbərin yoxdur e, Nigar Camal deyib ki, həyatıma girən kişi məndən güclü olmalıdır. Mən də məşqə gedirəm ki, namizədliyimi irəli sürüm.

Yadınızdadırsa, əvvəl hər həftə sizə bir lətifə yazırdım. Bu dəfə lətifə yazmaq istəyəndə Qulpqoyan dayı etiraz elədi. Dedi ki, lətifəni də yazsan, çox uzun olacaq. Elə yaxşısı Tolik kişilik və kişi müğənnilər barədə danışıb, onu olduğu kimi ver, bəs edəcək. Mən də xeyli düşündüm ki, bu aləmdə axı belələrinin sayı barmaqla sayılacaq qədərdi. Axır ki ağsaqqal deyən oldu. Oxuyun:

"Bəzi şou-biznes adamları var ki, çıxıb efirdə mərhəmətdən danışırlar. Yalandan deyir ki, mənə biri zəng vurdu, havayı getdim onun toyuna. Sən insanlara özünü göstərirsən. Kişi cismində bir qadınsan, amma xala obrazındasan. Qızıllar taxırsan, gözünün altına nələrsə vurursan və s. Qrim, əslində, efir təmizliyidir. Amma bu kişi müğənnilər qrimli arvaddırlar. Çıxıb efirdə namusdan, qeyrətdən danışırlar. Kişilik bazarda satılsaydı, 5 kq alıb qapısına qoyardım. Mən rahatam, məni xalqımız olduğum kimi tanıyır. Qadın müğənnilər də nələri yoxdursa, onlardan danışır. Qeyrətsiz çıxır qeyrətdən danışır, namussuz namusdan danışır. Bizdə hər şey tərsinədir".

Yeri gəlmişkən, sosial şəbəkələrdə və bəzi saytlarda Tolikin kişiliklə bağlı bu açıqlamasını "ŞOK" başlıqlarla vermişdilər.

Müğənni Təranə Qumralın baxımlı qadın olmağına sözüm yoxdur. Monoton, bir-birinə bənzər geyimlərə üstünlük versə də, zahiri görünüşünün qaydasında olması, bunu o qədər də büruzə verdirmir. Amma 51 yaşlı sənətçi bu dəfə elə bir ətək geyinib ki, kənd yerində qoca kişilərin gecə yatanda geyindiyi "uzunbalaq" ondan bir az uzun olar. Yəqin siz də mətbuatda o fotoları görmüsünüz. Təbii ki, bütün bunlar xanımın öz işidir. Hətta bundan da qısa geyinsə, özü bilər, bir də Musa Musayev. İntəhası, həmin geyimlə bağlı verdiyi açıqlama diqqətimi çəkdi.

Deyir, bütün respublika qısa ətək geyinir. İndi bir Təranə geyinəndə problem olur? Əvvəla, bir müğənninin respublikanın adından danışması yanlışdır. Ardınca əlavə edir ki, şortikdə olan fotolarım da var, sadəcə, onları görən olmayıb. Şəxsən mən görmək istərdim. Şortiki deyirəm. Zarafat bir yana, amma mən Təranə Qumralı qınamıram. Gündəmsizlikdir, böhrandır, 5-10 minə toya gedən sənətçilər indi restoranlarda 50-100 manata toy oxuyurlar. Ona görə də nəsə edib vəziyyətdən çıxmaq lazımdır. Yeri gəlmişkən, hələ şou aləmində belə bud heç kimdə olmayıb. Bir az Roberto Karlosun cavanlığını xatırlatdı, azca da Cennifer Lopezin uşaqlığını. Sağlığına qismət.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/521177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR