Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan
sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi
şəkildə narahat edir.
Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyəti ikinci
“aprel şokunu” yaşamaq istəmir və buna görə də Sarkisyan
hakimiyyətini ittiham edir.
Erməni siyasətçilər isə baş verənlərin Ermənistanın xeyrinə
olmadığı düşüncəsindədirlər. Xüsusilə, onlar Qarabağda üçüncü
müharibənin başlaya biləcəyi və bunun Ermənistana təsirlərindən
narahatdırlar.
Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artünyan bildirib
ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidirlər:
“Biz müharibəyə hazırlaşmalıyıq, əks təqdirdə itkilərimiz və
ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq”.
V.Artünyan Azərbaycanın Ermənistana qarşı blokada siyasətinə diqqət
çəkib və bunun pis nəticələri haqda xəbərdarlıq edib.
“Rəsmi Bakının blokada siyasəti Ermənistanın gələcəyi üçün yaxşı
deyil. Çünki bu siyasətə görə iqtisadi vəziyyət yaxşı deyil və
nəticə olaraq, ermənilər Qarabağı, eləcə də Ermənistanı tərk
edirlər. Hətta Azərbaycan prezidenti İlham Əliyev bildirib ki,
onlar Qarabağa, Zəngəzura, İrəvana sülh yolu ilə qayıdacaqlar. Bu
məhz ondan xəbər verir ki, ermənilər ölkəni tərk edir, nəticədə,
Azərbaycan Qarabağı da, digər əraziləri də müharibə olmadan
qaytarır”, - deyə o bildirib.
Erməni politoloq Stepan Qriqoryan Qarabağda üçüncü müharibənin
başlayacağını bildirib.
Onun fikrincə, Qarabağ münaqişəsi “dondurulmayıb”.
“Cəbhədə baş verənlər münaqişənin “dondurulmadığını” göstərir və
nəticədə, beynəlxalq cəmiyyət razılaşdı ki, status-kvo
yolverilməzdir, münaqişə həll edilməlidir. Burada erməni
diplomatiyasının məğlubiyyətini açıq-aydın görürük. Diplomatiya
hadisələrə adekvat reaksiya verə bilmir”, - deyə Qriqoryan
bildirib.
Asif