Azərbaycanda investorlar üçün ilk dəfə VIP xidmətlərin göstərilməsinə başlanılıb

Azərbaycanda investorlar üçün ilk dəfə VIP xidmətlərin göstərilməsinə başlanılıb
10:37 27 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycanın qiymətli kağızlar bazarında maraqlı yeniliyə start verilib. “Report”un məlumatına görə, “PSG Kapital İnvestisiya Şirkəti” QSC qiymətli kağız sahibi olmaq istəyən investorlar üçün “VIP Xidmət” adlı kampaniyaya başlayıb.
Aprelin 17-nə qədər davam edəcək kampaniyadan 50 min ABŞ dolları və yaxud 80 min manat dəyərində qiymətli kağız almaq istəyən fiziki şəxslər faydalana bilərlər. Fiziki şəxslərin çoxsaylı müraciəti nəzərə alınmaqla başlanmış kampaniyanın şərtlərinə görə, səhm və ya istiqraz almaq istəyən investorlar “PSG Kapital”ın satış mərkəzlərinə yaxınlaşmadan və vaxt itirmədən qiymətli kağızları əldə edirlər. Eləcə də, “VIP Xidmət”in istifadəçiləri qiymətli kağızların alınması üçün ödənilən rüsum və komissiya haqlarında da güzəşt əldə edirlər. Belə ki, kampaniya çərçivəsində qeyd olunan məbləğdə səhm və ya istiqraz almaq istəyən fiziki şəxslərdən tutulan investisiya şirkəti komissiyalarına 50%-ə qədər endirim nəzərdə tutulur. Həmçinin, “VIP Xidmət” daxilində ödənişsiz, fərdi şəkildə investisiya məsləhətinin verilməsi də daxildir.
Qeyd edək ki, bu kampaniya “PSG Kapital”ın əməliyyat apardığı bütün yerli qiymətli kağızlara - səhm və istiqrazlara, o cümlədən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarına da aiddir.
“VIP Xidmət”dən istifadə etmək istəyən fiziki şəxslər öz şəxsiyyət vəsiqələrini və bank rekvizitlərini elektron qaydada investisiya şirkətinə göndərirlər. Şirkətin əməkdaşları investorun qeyd etdiyi ünvana yaxınlaşaraq, onunla müqavilə bağlayır və daha sonra elə seçilən ünvana da çıxarış təqdim edirlər.
Beləliklə, adi vaxtda 2 dəfə satış məntəqəsinə yaxınlaşan investorlar “VIP Xidmət”dən istifadə edərək, vaxt itirmədən istədiyi ünvanda – evdən və ofisdən çıxmadan investisiya şirkəti ilə müqavilə bağlayırlar. Daha sonra, qiymətli kağız alışı üçün sifariş verilərək, Bakı Fond Birjasının ticarət sistemində investorun sifarişi yerləşdirilir.
Qeyd edək ki, “PSG Kapital” müştərilərə bütün növ qiymətli kağızların (dövlət qiymətli kağızları, Azərbaycan Mərkəzi Bankının notları, korporativ istiqrazlar, səhmlər və s.) alqı-satqısı, anderrayterliyi və marketmeykerliyi, repo əməliyyatları, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və valyuta ticarəti kimi xidmətlər göstərir. Şirkət SOCAR istiqrazlarının təkrar bazarı üzrə marketmeykerdir. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-investorlar-ucun-ilk-defe-vip-xidmetlerin-gosterilmesine-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR